“Soçi görüşü postmünaqişə dövrünün həllini gözləyən məsələlərə həsr olunub və nəticələr gözlənilir” – Elman Nəsirov

“Avropa İttifaqının təşəbbüsü ilə dekabrın 15-də Azərbaycan və Ermənistan siyasi liderlərinin görüşünün keçiriləcəyi bəlli idi. İndi isə məlum olur ki, noyabrın 26-da Azərbaycan və Ermənistan siyasi liderləri Rusiya prezidentinin təşəbbüsü ilə Soşidə görüşəcəklər”.

Bu fikirləri herbiand.az-a açıqlamasında Milli Məclisinin deputatı, siyasi şərhçi Elman Nəsirov bildirib.

Elman Nəsirov qeyd edib ki, bu iki görüşü müqayisə etsək Soçi ilə Brüssel görüşünün ən böyük fərqi ondadır ki, Soçi görüşü yalnız postmünaqişə dövrünün həllini gözləyən məsələlərə həsr olunub və nəticələr gözlənilir. Amma Brüssel görüşü isə Avropa İttifaqının Şərq Tərəfdaşlığı proqramında baş tutan sammitdə olacaq:

“Avropa İttifaqı da Azərbaycan və Ermənistan siyasi liderlərinin Brüsseldə olması və sammitə qatılması imkanından faydalanmaq istəyir. Fərq göz qabağındadır. Nəzərə alsaq ki, Rusiya prezidentinin vasitəsilə iki dəfə belə görüş keçirilib və bu sayca 3-cü görüşdür. Hər iki görüşdə də nəticələr olub. Həm 10 noyabr 2020-ci il, həm də 11 yanvar 2021-ci il bəyannamələri imzalanıb. Həmin sənədlərin də icrası istiqamətində proseslər gedir. Bəli, müəyyən qüsurlar və nöqsanlar da var. Prinsip etibarilə, sənədlər imzalanıb və onlar icra olunur. Amma Brüssel görüşündə isə hesab edirəm ki, daha çox etimad mühitinin yaranması ilə bağlı məsələlər müzakirə oluna bilər. 2019-cu ildə Brüsseldə Azərbaycan və Ermənistan liderlərinin ilk dəfə debatı keçirildi. Nəticə etibarilə belə görüşlər bu münaqişənin həllinə gətirib çıxarmadı. Ona görə də hesab edirəm ki, Soçi görüşünə ümidlər böyükdür”.

Siyasi şərhçi vurğulayıb ki, xüsusilə də Ermənistan baş nazirinin son bəyanatları fonunda bunu söyləmək olar. Ermənistan baş naziri etiraf edib ki, əməkdaşlığın alternativi yoxdur və əməkdaşlıq olmalıdır, dəhlizlər açılmalıdır:

“Düzdür, o Zəngəzur dəhlizi ifadəsindən yayınır, ondan qaçır. Ancaq Zəngəzur dəhlizinin açılması labüddür. Çünki bu, Ermənistanın özü üçün hava-su kimi lazımdır. Paşinyan ondan ehtiyatlanır ki, Zəngəzur dəhlizi ifadəsini dilə gətirəndə əleyhdarları onu ittiham etməyə başlayırlar ki, o növbəti kapitulyasiya sənədinə imza atmaq istəyir, Qərbi Zəngəzuru Azərbaycana təhvil vermək istəyir. Çünki Şərqi Zəngəzur var. Zəngəzur dəhlizi isə Qərbi Zəngəzurdan keçəcək. Nəticədə Azərbaycan Zəngəzur dəhlizindən keçidi təmin etməklə həm də Qərbi Zəngəzuru ələ keçirəcək. Bu kimi məsələlərlə bu gün Ermənistan müxalifəti manipulyasiya edərək Paşinyana təzyiq göstərir. Ona görə də Paşinyan indi bu Zəngəzur dəhlizi ifadəsindən qaçır. Amma alternativ yoxdur. Zəngəzur dəhlizi mütləq işə düşməlidi”.

Ermənistanın baş naziri Nikol Paşinyan dünən öz Facebook səhifəsində canlı yayımda bildirib ki, “3 tərəfli görüşdə imzalanacaq sənəd delimitasiya və demarkasiyaya başlamaq üçün komissiyanın yaradılması ilə bağlı olacaq. Bu sənəd sərhədin haradan keçdiyini göstərməyəcək”.

Bununla bağlı Elman Nəsirov qeyd edib ki, delimitasiya və demarkasiya həlledici məsələlər sırasındadır. Bu istiqamətdə razılaşma əldə edilmədən digər mühüm məsələlər, xüsusilə də böyük sülh sazişinin imzalanması qeyri mümkün olur:

“Ona görə də belə ifadələr işlədir. Paşinyan bilir ki, delimitasiya və demarkasiyanı etmək lazımdır. Bunsuz mümkün deyil. Amma eyni zamanda deyir ki, “elə fikir formalaşmasın ki, bizim artıq bu məsələlərlə bağlı konkret nəticəmiz var və onu imzalayacağıq, yox. Biz bu danışıqların gedişatında sadəcə bir komissiyanın yaradılmasıyla bağlı razılaşma əldə edə bilərik. O komissiya ki, iki dövlətin sərhədlərinin delimitasiya və demarkasiya məsələsini həll etsin”. Bu kimi fikirlər səsləndirib. Amma istənilən halda Paşinyan gec-tez 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il sənədlərini icra etməyə məcburdur və məhkumdur. Onların bir çoxu da icra olunur. Qarşıda da əsas mühüm məsələlər Zəngəzur dəhlizi, sərhədlərin müəyyən edilməsi, minalanmış ərazilərin dəqiq döyüş xəritələrinin Azərbaycana verilməsi və etimad mühitinin iki dövlət arasında formalaşması ilə bağlıdır. Xüsusilə də müdafiə nazirləri arasında birbaşa əlaqələrin yaradılması ilə bağlı artıq razılaşma əldə edilib. Gələcəkdə digər nazirliklər arasında da müvafiq təmasların qurulması prosesi gedə bilər. Xalq diplomatiyasının işə salınması etimat mühitinin formalaşması baxımından aktuallaşa bilər. Bütün bünlar isə özlüyündə sülh sazişi imzalamaq üçün münbit şəraiti təmin etmiş olar”.

Bəxtiyar CƏFƏRLİ

Copy link
Powered by Social Snap