Azərbaycan-Ermənistan sərhədində nə baş verir? – BİZİM ŞƏRH

Artıq bir neçə gündür ki, erməni mənbələri Azərbaycanın Ermənistanla sərhəddə yüksəkliklərə nəzarəti ələ keçirməsi və bəzi istiqamətlərdə istehkam qurğuları tikməsi barədə məlumatlar yayır. Azərbaycanda bu xəbərlərin bəziləri hərbi ekspertlər tərəfindən təsdiq olunsa da, rəsmi strukturlar heç bir şərh vermir.

Məsələnin maraqlı cəhətlərindən biri də odur ki, Ermənistanda bu fikirləri təkcə hakimiyyətə müxalif olan siyasi qüvvələrin təmsilçiləri səsləndirmir. Həm də ölkənin ombudsmanı Arman Tatoyan səsləndirir. İki gün əvvəl Tatoyan hətta Göyçə ətrafında Azərbaycan ordusunun Ermənistan ərazilərindəki yüksəkliklərdə istehkam qurğuları tikdiyini bildirmişdi. Ermənistan müdafiə nazirinin müavini onun bu fikirlərinə münasibət bildirməkdən imtina etmişdi. Ermənistan Müdafiə Nazirliyinin dünən yaydığı rəsmi məlumatda Arman Tatoyanın açıqlamasında bəzi qeyri-dəqiqliklərin olduğu bildirilib.

Baş verənlərə son günlər Azərbaycanla Ermənistan arasında müxtəlif səviyyələrdə təmasların artırılması kontekstində baxmaq daha düzgün olardı.

Dini liderlərin Moskvada görüşü. Xarici işlər nazirlərinin Minskdə bir araya gəlməsi. Moskvada hökumətlərarası işçi qrupların müzakirələr keçirməsi. Bütün bunlar göstərir ki, Azərbaycan və Ermənistan arasında nizamlanma ölü nöqtədə deyil. Proses gedir. Və bu proses fonunda Ermənistanda səslənən bəyanatlar.

Sözsüz ki, səslənən bəyanatlar gedən prosesin əks-sədasıdır. Kimlərsə bu proseslərdən narahatdır və suyu bulandırmaqda maraqlıdır. Azərbaycanın qalib tərəf olaraq mövqelərini möhkəmlətməsi məntiqlidir və burada təəccüblü heç nə olmamalıdır. Bu gün sərhədlərin demarkasiya və delimitasiyası Azərbaycanın maraqlarına tam uyğundur. Lakin qarşı tərəf bu prosesi yubadır. Əslində bunun da izahı var. 30 illik işğal dönəmində Azərbaycanın ərazilərinə keçməklə infrastruktur quran Ermənistan indi bu infrastrukturların ləğvini həzm edə bilmir. Doğrudur, hətta bəzi hallarda ən yüksək səviyyədə – Ermənistanın baş naziri səviyyəsində hansısa yolun, hansısa yüksəkliyin Azərbaycana məxsus olması etiraf edilir. Lakin bu etirafları Ermənistandakı revanşist qüvvələr siyasi rəqiblərinə qarşı istifadə etməyə çalışır. Amma bütün bunlar prosesə mane olacaq səviyyədə deyil.

Herbiand.az

Copy link
Powered by Social Snap