“Gəncə şəhərinə atılan raket zərbəsi terror aktıdır” – Millət vəkili

Bu gün Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin Ermənistan tərəfindən raket atəşinə tutulmasından bir il ötür.

2020-ci il ilin 11 oktyabrında Azərbaycanla Ermənistan arasında gedən müharibə zamanı Gəncə şəhəri gecə yarısı yerli vaxtla saat 02:00-da Skad ballistik raket zərbəsinə məruz qaldı. Raket insanlar yaşayan binaya tuş gəldi və onu tamamilə dağıtdı. Nəticədə 10 mülki şəxs həlak oldu, 40 nəfər isə yaralandı. Bu hücum Azərbaycanla Ermənistan arasında 2020-ci il 10 oktyabr tarixində imzalanan atəşkəsdən bir gün sonra baş verdi. Ermənistan  hücumü onlar tərəfindən edilməsini inkar etdi.

Ermənistanın bu hərəkətinə nə ad vermək olar? Düşmən hətta müharibə qaydalarına riayət etməyərək atəşkəsi pozdu və mülki əhalini hədəfə aldı.

Herbiand.az bununla bağlı Gəncə şəhərindən seçilən millət vəkili Müşfiq Cəfərovla söhbət edib.

Müşfiq Cəfərov bildirdi ki, Vətən müharibəsində Azərbaycanın ikinci böyük şəhəri olan, sivil, cəbhə bölgəsindən kənarda yerləşən Gəncə şəhəri erməni terrorundan ciddi ziyan gördü. Müharibə zamanı bir sıra şəhərlərimiz erməni terroru ilə üzləşdi:

“Müdafiəsiz, sivil insanlar bir anda gecə yuxuda olarkən raket hücumunun qurbanı oldu. Ermənistan Silahlı Qüvvələrinin döyüş əməliyyatları zonasından kənarda yerləşən Gəncə şəhərini raket atəşinə məruz qoyaraq humanitar atəşkəs rejiminin şərtlərini növbəti dəfə kobud şəkildə pozması nəticəsində vətəndaşlarımız həlak oldu. İkinci Qarabağ müharibəsi zamanı sivil insanlarımızın hədəfə alınması bir daha göstərdi ki, Azərbaycan nəinki öz ərazi bütövlüyü uğrunda döyüşür, eyni zamanda, regionda daimi sülhün və sabitliyin təmin olunması üçün beynəlxalq terrorizmlə mübarizə aparır”.

Millət vəkili deyib ki, Ermənistan Silahlı Qüvvələri Azərbaycan-Ermənistan sərhəddindən xeyli uzaqda yerləşən bir neçə sərhəddən kənar şəhərimizi uzaq mənzilli raket atəşinə tutub. Ən ağır zərbə 11 oktyabr gecə saat 2 radələrində əhali sayına görə ölkəmizin ikinci ən böyük şəhəri olan və döyüş zonasından xeyli aralıda yerləşən Gəncə şəhərinə vurulub:

“Ermənistan silahlı qüvvələrinin Gəncəyə növbəti raket atəşi daha dağıdıcı olmaqla sıx və çox sayda yaşayan dinc əhalinin yerləşdiyi binaya yönəlmişdi. Raket zərbəsi nəticəsində 40 nəfər xəsarət almış və 10 nəfər həlak olmuşdu. Bu da onu bir daha sübut edir ki, Gəncə şəhərinə atılan raket zərbəsi terror aktıdır və dinc əhalinin məhv edilməsinə, eyni zamanda azərbaycanlılara qarşı soyqırımı aktı törədilməsinə yönəlmişdir. Ermənistanın bu addımı müharibə cinayətidir və Cenevrə Konvensiyalarının kobud şəkildə pozulması kimi qiymətləndirilməli və beynəlxalq ədalət məhkəməsi tərəfindən öz hüquqi qiymətini almalıdır”.

Politoloq vurğuladı ki, 2020-ci ilin oktyabr ayında Gəncə şəhəri Ermənistan Silahlı Qüvvələri tərəfindən 5 dəfə ayrı-ayrı vaxtlarda 13 raket atəşi ilə bombalandı. Bu raketlərin 8-i zərərsizləşdirilsə də, təəssüf ki 5-i şəhərin müxtəlif bölgələrinə düşdü:

“Ümumillikdə bu hadisələr nəticəsində 26 nəfər həyatını itirdi, 128 nəfər ciddi xəsarət aldı. Raket zərbələrindən ziyan çəkən və həyatını itirənlərin hər biri mülki şəxslər idi. Hücumlar zamanı şəhərin infrastrukturuna, yaşayış binaları da daxil olmaqla, digər binalara, avtomobillərə ziyan dəymişdir. Ümumillikdə 3500 yaşayış və qeyri-yaşayış obyekti zərər görüb. Ermənistanın mülki şəxslərə qarşı edilən raket hücumları zamanı həyatını itirənlər və yaralananlar arasında azyaşlılar da var idi. Ortada olan sübutlara baxmayaraq, Ermənistan tərəfi hücumların onun tərəfindən edilməsini inkar etmişdir. Qondarma Dağlıq Qarabağ rəhbərliyi isə yalnız birinci hücumun məsuliyyətini öz üzərinə götürmüşdür. Ona görə də hesab edirik ki, azərbaycanlılara qarşı törədilən cinayətlər ilk növbədə beynəlxalq hüquq elmi müstəvisində araşdırılmalı, baş verən cinayətlər üzrə ədalətli məsuliyyət tədbirləri tətbiq olunmalı, bir sözlə baş verən cinayətlərə görə siyasi və ya hüquqi formada məsuliyyət labüd olmalıdır”.

Bəxtiyar CƏFƏRLİ

Copy link
Powered by Social Snap