Gürcüstanın baş naziri yeni format təklif edir – “3+0”

Gürcüstanın xarici işlər naziri İrakli Qaribaşvili Ermənistana səfərinin yekunlarına dair bəyanat verib. O bildirib ki, Gürcüstan, Azərbaycan və Ermənistan daha sıx əməkdaşlıq üçün yeni regional platforma yaratmalıdır.

İrakli Qaribaşvili Yerevana Bakıya səfərindən bir neçə gün sonra gedib və baş nazir Nikol Paşinyanla özünün dediyi kimi, “çox uğurlu” danışıqlar aparıb. Bir daha ölkəsinin regionda vasitəçilik prosesində mühüm rolunu qeyd edən baş nazir bildirib: “Mənim Ermənistana çox uğurlu səfərim ldu. Regionda əməkdaşlıq başlatmaq üçün təşəbbüs irəli sürmüşəm. Və yeni platforma yaradıldı, onun çərçivəsində biz üç ölkə sıx əməkdaşlığa başlayırıq. Və bu prosesdə Gürcüstanın mühüm rolu var”.

Qaribaşvili jurnalistlərlə söhbətində xatırladıb ki, ölkəsinin uğurlu vasitəçiliyinə dair presedent iyun ayında olub. O vaxt Gürcüstanın vasitəçiliyi ilə Azərbaycan tərəfi bir qrup erməni hərbçisini həbsdən azad edib, Yerevan isə mina sahələrinin xəritəsini verib.

Baş nazirin sözlərinə görə, Gürcüstan bundan sonra da Ermənistanla Azərbaycan arasında vasitəçilik rolunu fəal yerinə yetirəcək.

Qeyd edək ki, Qaribaşvilinin bəhs etdiyi yeni regional əməkdaşlıq formatının (üç Cənubi Qafqaz respublikası arasında) təfərrüatları məlum deyil. Hansı ki, o həmin əməkdaşlıq formatının artıq yaradıldığını deyir. Bundan əvvəl isə regionda “3+3” formatında yeni əməkdaşlıq platformasının yaradılması təşəbbüsləri müzakirə edilirdi. Həmin format Cənubi Qafqaz respublikalarının və Türkiyə, İran, Rusiyanın birgə əməkdaşlığını nəzərdə tutur.

Lakin Gürcüstan Rusiya ilə mövcud münasibətlərini əsas gətirərək bu formata meyl göstərməyib. Eyni zamanda İran Azərbaycanla münasibətlərini gərginləşdirərək özünü çoxtərəfli regional əməkdaşlıq formatından kənarda saxlamış olur. Bu günlərdə Azərbaycan prezidenti İlham Əliyev bəyan etmişdi ki, “3+3” formatında əməkdaşlıq alınmasa bu əməkdaşlıq  Azərbaycan, Ermənistan, Rusiya və Türkiyə arasında qurulacaq. Yəni söhbət “2+2” formatından gedə bilər. İndi isə Gürcüstan baş nazirinin bəyanatına əsasən söhbətin “3+0” formatından getdiyi haqda qənaət yarana bilər, hərçənd bu formatın Rusiya və Türkiyənin də yer aldığı regional əməkdaşlıq formatına alternativ olduğunu demək hələ tezdir.

virtualaz.org

Copy link
Powered by Social Snap