Türkiyə diplomatiya PUA-larını Nyu-Yorkda qaldırdı

Bu gün xəbər lentlərində ilk diqqət çəkən sözsüz ki, Türkiyə prezidentinin BMT tribunasından Azərbaycanın haqlı davasına verdiyi dəstək oldu.

“Azərbaycan qanuni müdafiə haqqından istifadə edərək, BMT-nin Təhlükəsizlik Şurasının tətbiq olunmayan qərarlarını həyata keçirməklə öz torpaqlarındakı işğala son qoyub. Bu hadisə regionda daimi sülhün bərpasına fürsət pəncərələrinin açılmasına da imkan yaradıb. Türkiyə tərəflərin atacağı hər müsbət addımı dəstəkləmək qərarındadır.”

Bu hadisə istər-istəməz Azərbaycan prezidentinin Sarkisyana “Türkiyə prezidenti burda yoxdur, mən burdayam və cavabını verəcəm” deməsini yada salır.

Xəbər lentində olan başqa bir məlumatda isə deyilir ki, Rəcəb Tayib Ərdoğan Gürcüstan baş naziri ilə görüşündə də Qarabağdakı durumu və Azərbaycan-Ermənistan arasındakı situasiyanı müzakirə edib.

Türkiyənin xarici işlər naziri də boş dayanmayıb. O da ABŞ dövlət katibi ilə görüşündə Suriya, Əfqanısatn məsələləri ilə yanaşı Qarabağdakı durumu da müzakirə edib. Dövlət Departamentindəki mənbənin TASS agentliyinə verdiyi məlumata görə, görüşdə əsas müzakirə mövzusu məhz Qarabağdakı durum olub.

Türkiyənın 44 günlük müharibədə göstərdiyi dəstək barədə hamı bilir. Amma qardaş dövlər hərbi kömək ilə sakitləşmir, diplomatik cəbhədə də öz dəstəyini göstərib və göstərir.

Sanki bu günlərdə Türkiyə Nyu-York üzərinə diplomatiya PUA-larını qaldırıb.

Qardaşlıq dediyin bu!

YOSAFAT

Copy link
Powered by Social Snap