Advertisment

Politoloq: “Yekun sülh müqaviləsinin imzalanması üçün hələ tezdir”

Azərbaycan Respublikasının  Prezidenti İlham Əliyev aprelin 23-də ADA Universitetində keçirilən “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq foruma qatılıb. Forumda çıxış edən ölkə başçısı bir çox məsələyə toxunub. Toxunulan məsələlərdən biri də Azərbaycan-Ermənistan arasında sülh müqaviləsinin imzalanması olub. Hazırkı situasiyada sülh müqaviləsinin bağlanmasına nə mane olan nədir?

Mövzu ilə bağlı sualımızı cavablayan politoloq Turan Rzayev qeyd edib ki, ötən ay baş verən kiçikçaplı sərhəd təxribatlarına baxmayaraq, Bakı və İrəvan arasında rəsmi və qeyri-rəsmi səviyyədə danışıqlar davam edirdi:

“Ən əsası sərhəd komissiyalarının görüşü keçirilir, mübahisəli məsələlərə dair müzakirələr aparılırdı. Danışıqlar prosesi ilə bağlı əsas pozitiv məqam isə masada 70-75% razılaşdırılmış bir sənədin olmasıdır. Bu baxımdan ölkə başçısının da dediyi kimi, sülhə heç vaxt belə yaxın olmamışdıq. Prinsip etibarilə yekun sülh müqaviləsinin imzalanması üçün hələ tezdir. Lakin ən azından ilkin sülh müqaviləsi imzalamaq olar. Hazırda iki ölkə arasında razılaşdırılan məqamlar var və danışıqlar masasındakı sülh sənədi hazırkı halı ilə çərçivə sazişi kimi imzalana bilər. Növbəti müddət ərzində isə yekun sülh müqvailəsi ilə bağlı danışqlar aparılar. Bunu Prezidentin “Hətta sazişin layihəsi hazır ola bilər. Düşünürəm ki, bunun üçün hər iki tərəf, sadəcə ürəkdən çalışmalıdır” sözləri də təsdiqləyir. Rəsmi Bakı COP29-dan əvvəl sülh sazişinə nail olmaq, ən azı baza prinsipləri üzrə razılığa gəlmək istəyir”.

Emin ŞİRVANZADƏ