Advertisment

​​​​​​​NBC: Pentaqonda sursat ehtiyatları ilə bağlı təcili müşavirə keçiriləcək

ABŞ Hirb Nazirliyində (Pentaqon) ölkənin sursat ehtiyatları ilə bağlı vəziyyətin müzakirəsi üçün təcili müşavirə keçiriləcək.

Bu barədə NBC News telekanalı məlumatlı mənbələrə istinadən xəbər yayıb.

Məlumata görə, müşavirənin keçirilməsi barədə qərar ABŞ Prezidenti Donald Trampın müdafiə nazirinin müavini və silah-sursat təchizatına cavabdeh olan Stiven Faynberqlə telefon danışığından sonra qəbul edilib.

Telekanalın iddiasına əsasən, Trampın narazılığını ifadə etdiyi telefon danışığından sonra Faynberq hərbi planlaşdırma və müdafiə satınalmalarına cavabdeh yüksək vəzifəli rəsmilərin iştirakı ilə təcili iclas keçirmək qərarına gəlib.

Müşavirədə ABŞ Silahlı Qüvvələrinin sursat ehtiyatlarının mövcud vəziyyəti, istehsal imkanları və müdafiə təchizatının gücləndirilməsi istiqamətində atılacaq addımların müzakirə ediləcəyi bildirilir.

Xatırladaq ki, bundan əvvəl ABŞ mətbuatında Prezident Donald Trampın sursat ehtiyatlarının azalması ilə bağlı yayılan xəbərlər fonunda müdafiə naziri Pit Heqsetdən narazı olduğu barədə məlumatlar dərc edilmişdi. Həmin məlumatlarda Trampın ABŞ-nin silah ehtiyatları ilə bağlı ona tam və düzgün informasiya verilmədiyi qənaətində olduğu iddia edilirdi.