Tramp bu barədə “Truth Social” platformasında paylaşım edib. O, qərarını Şimali Koreya lideri Kim Çen Inla münasibətlərinin yaxşı olması, hərbi təlimlərin yüksək maliyyə yükü yaratması və Seulun ABŞ-ın İrana qarşı əməliyyatlarında iştirakdan imtina etməsi ilə əsaslandırıb.
Tramp bildirib ki, ABŞ və Cənubi Koreyanın birgə təlimləri Vaşinqtona baha başa gəlir və onun fikrincə, Şimali Koreyanın hazırkı davranışı fonunda bu təlimlər “lazımsız və düşmən siqnalı” təsiri yaradır.
ABŞ lideri qeyd edib ki, təlimlərin artıq başlamasına az vaxt qaldığı üçün onları tamamilə ləğv etmək mümkün olmayıb. Bu səbəbdən müdafiə naziri Pit Heqsetə təlimlərin həcmini əhəmiyyətli dərəcədə azaltmaq barədə göstəriş verib.
Tramp həmçinin Cənubi Koreya prezidentindən ABŞ-a İranın nüvə proqramına qarşı əməliyyatlarda dəstək verib-verməyəcəyini soruşduğunu bildirib. Onun sözlərinə görə, Seul bu təklifə mənfi cavab verib.
Qeyd edək ki, illik “Ulçi Azadlıq Qalxanı” (UFS) ABŞ-Cənubi Koreya birgə hərbi təlimləri avqustun 17-də başlayıb və avqustun 27-dək davam edəcək. Təlimlərdə təxminən 18 min Cənubi Koreya hərbçisinin iştirakı nəzərdə tutulur. Təlimlərin əsas məqsədi Şimali Koreyadan yarana biləcək təhlükələrə qarşı döyüş hazırlığının artırılmasıdır.
Cənubi Koreyanın Birləşmiş Qərargah Rəisləri Reuters-ə təlimlərin planlaşdırıldığı kimi başladığını bildiriblər. Bununla yanaşı, qurum Trampın təlimlərlə bağlı açıqlamalarına münasibət bildirməkdən imtina edib.
Şimali Koreya isə ABŞ və Cənubi Koreyanın birgə hərbi təlimlərini daha əvvəl kəskin şəkildə tənqid edib. Təlimlər ərəfəsində Pxenyan ballistik raket sınağı da keçirib.