Advertisment

Sülhməramlıların Qarabağdan çıxarılma səbəbi... - Rusiya yeni müharibəyə hazırlaşır?

Qarabağda müvəqqəti yerləşdirilən Rusiyanın sülhməramlı kontingenti Azərbaycanı tərk edir. Dünən və bu gündən etibarən Rusiya kontingentinin Qarabağı birdəfəlik və tam olaraq tərk etməsi prosesinə start verilib. Artıq Kəlbəcərin Xudavəng monastırındakı post Azərbaycan polisinə təhvil verilib. Xocalıdakı baza da boşaldılır. Prosesin bir neçə günə tam yekunlaşcağı təxmin edilir. Sülhməramlı kontingentin Qarabağı tərk etməsi ilə bağlı xəbəri Rusiya prezidentinin sözçüsü Dimitri Peskov da təsdiqləyib. Fəaliyyət müddəti 2025-ci ilin mayında yekunlaşmalı olan rus sülhməramlılarının Qarabağdan vaxtından öncə çıxarılmağa başlanması bir çox suallara səbəb olub.

Mövzu ilə bağlı Yenisabah.az-a danışan ehtiyatda olan polkovnik və hərbi ekspert Üzeyir Cəfərov bildirib ki, onsuz da son 8 ay ərzində sülhməramlı kontingentin Qarabağda heç bir fəaliyyəti olmayıb:

“Dünən Qarabağı Tərtər və Bərdə ərazisindən tərk edən rus sülhməramlıları artıq qatar vasitəsilə Dağıstan yolu ilə Cənub hərbi dairəsinə, yəni Rostov şəhərinə gedəcək. Daha sonra kontingentin Ukrayna cəbhəsinə göndərilməsi yaxud elə Rostov şəhərində qalması ilə bağlı qərar veriləcək. Onsuz da onların Qarabağda qalmasına heç bir ehtiyac yoxdur. Bildiyim qədəri ilə bir müddət öncə Rusiya tərəfindən sülhməramlı kontingentin minatəmizləmə və digər işlərə cəlb olunması ilə bağlı Azərbaycana müraciət edilib. Azərbaycan əvvəl buna razılıq verdi, lakin şərtlər Rusiya tərəfindən bir qədər qəlizləşdiriləndən sonra bundan imtina etdi. Bu tam düzgün qərardır. Onların burda qalması sadəcə artıq xərc idi. Sülhməramlıların bütün təminatı Rusiyanın sifarişi ilə, Azərbaycan tərəfindən qarşılanırdı. Bu isə xeyli vəsait tələb edirdi”. 

Polkovnik Rusiyanın sülhməramlılarla bağlı ehtiyacının yarandığı da diqqətə çatdırıb:

“Rusiya hər zaman olduğu kimi, sağ əli ilə sol qulağını qaşıyır. Ötən ilin sentyabrından bəri ötən 8 ay müddətində sülhməramlıların Qarabağda nə işlə məşğul olduğu hələ də bəlli deyil. Görünən odur ki, Rusiyanın bu sülhməramlılara ehtiyacı yaranıb. Məlum olduğu kimi, Rusiyanın 1300 kilometr məsafədə sərhəd mühafizəsi yenidən təşkil olunub. Bu Finlandiya və İsveçin NATO-ya üzvlüyündən sonra sərhədlərin qorunmasına zərurət yaranıb. Bu nöqteyi-nəzərdən belə bir qərar verilib. Ola bilsin ki, Qarabağdan çıxarılan sülhməramlılar məhz elə həmin sərhədlərə aparılsın”.