Advertisment

Suriya Əsədin devrilməsindən sonra ilk dəfə parlament seçəcək

Müvəqqəti prezident Əhməd əl-Şaraanın başçılıq etdiyi Suriyanın yeni hakimiyyət orqanları Bəşər Əsədin devrilməsindən sonra ilk dəfə ölkənin birpalatalı parlamenti olan Xalq Şurasına seçkiləri oktyabrın 5-nə təyin edib.

Herbiand.az xəbər verir ki, bu barədə Suriyanın dövlət xəbər agentliyi SANA məlumat yayıb.

Məlumatda deyilir ki, parlamentin 210 üzvündən 140-nın seçilməsi üçün səsvermə ölkənin "bütün seçki dairələrində" keçiriləcək. Parlamentin daha 70 üzvünü isə Prezident əl-Şaraa təyin edəcək.

Suriyanın seçki komissiyası bundan əvvəl iyul ayında druzlarla bədəvilər arasında toqquşmaların baş verdiyi Əs-Suveyda əyalətində, eləcə də qismən Kürd Suriya Demokratik Qüvvələrinin (SDQ) nəzarətində olan Həsəkə və Rakka əyalətlərində təhlükəsizlik səbəbi ilə səsverməni təxirə salmaq niyyətində olduğunu açıqlamışdı.  

“Reuters” xəbər verir ki, yeni Suriya parlamentinin ölkədə daha geniş demokratik prosesin əsasını qoyacağı gözlənilir, çünki tənqidçilər hazırkı sistemin kifayət qədər azlıqların iştirakına imkan vermədiyini iddia edirlər. Keçid dövründə parlament yeni Suriya qanunvericiliyinin hazırlanması və daimi konstitusiyanın yaradılması ilə məşğul olacaq.