Asiya İnkişaf Bankı (ADB) Qafqaz və Mərkəzi Asiya üzrə iqtisadi artım və inflyasiya proqnozlarını yüksəldib.
Herbiand.az bu barədə ADB-yə istinadən xəbər verir. Bankın dekabr yeniləməsinə görə, 2025-ci il üçün subregion üzrə artım gözləntisi 5,8%-ə, 2026-cı il üçün isə 5,0%-ə yüksəldilib. Bu göstəricilər sentyabr ayı proqnozlarında müvafiq olaraq 5,5% və 4,9% səviyyəsində idi.
Məlumata görə, proqnozun artırılması əsasən Qazaxıstanda gözləniləndən daha güclü iqtisadi fəallıqla əlaqədardır. Qeyd olunub ki, 2025-ci ilin üçüncü rübündə subregionun əksər ölkələrində iqtisadi artım dövlət investisiyaları, pul köçürmələrinin artması, daxili tələbin güclənməsi və makroiqtisadi sabitlik fonunda gözləntiləri üstələyib.
ADB inflyasiya üzrə proqnozlarını da artırıb. Subregion üzrə inflyasiya cari il üçün 7,7%-dən 8,0%-ə, 2026-cı il üçün isə 6,6%-dən 7,1%-ə yüksəldilib. Artım Qazaxıstan və Qırğızıstanda ərzaq və xidmət qiymətlərinin artması, kommunal tariflərin yüksəlməsi və valyutaların ucuzlaşması fonunda inflyasiya təzyiqlərinin güclənməsi ilə izah edilib.