Advertisment

Ana sözündə böyüyən qəhrəman - Coşqun Orucovun mövlud gününə ehtiram

28 yanvar 2001-ci il. Culfa rayonunun Xoşkeşin kəndində bir oğul dünyaya göz açır. O zaman heç kim bilmirdi ki, bu körpə bir gün adını Vətən tarixinin qəhrəmanlıq səhifələrinə yazdıracaq. Bu gün isə biz Coşqun Orucovun mövlud gününü bir qəhrəmanın ömür yoluna ehtiramla xatırlayırıq.

Ailəsi ilə birlikdə Bakı şəhərinin Suraxanı rayonuna yaşayan Coşqun orta təhsilini 315 nömrəli məktəbdə alır.

O illərə qayıdıb Coşqunu daha yaxından tanımaq üçün anası Fərqanə xanımla söhbət zamanı onun məktəb illərini xatırlayarkən səsində həm sevinc, həm də kövrəklik duyulur.  Qəhrəman anasını dinləyərkən hiss etdim ki, hər söz ana üçün həm qürur, həm də dərd daşıyır.   

Deyir ki, Coşqun müəllimlərinin sevimlisi idi - səmimi, mehriban, nümunəvi. Dərslərini yaxşı oxuyar, dostları arasında seçilərdi. Balaca yaşlarından idmana maraq göstərərdi. Ən böyük arzusu hərbi məktəbdə oxumaq idi. Bu arzu gerçəkləşməsə də, Vətən sevgisi onu başqa bir şərəfli yola apardı.

"Coşqunun Vətənə, bayrağa bağlılığı uşaq yaşlarından hiss olunurdu. Hərbçi olmaq istəyi də elə bu sevgidən doğmuşdu. 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətə başlayan Coşqun, xidmətini Naxçıvan Muxtar Respublikasında yerləşən “N” saylı hərbi hissədə başa vurduqdan sonra müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu, Əlahiddə Ümumqoşun Ordusunun xüsusi təyinatlısı olaraq xidmət edir.

2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi Coşqunun həyat yolunu əbədiyyətə bağladı. O, 16 oktyabrdan etibarən kəşfiyyatçı snayper kimi döyüşlərə qatıldı, Füzuli və Xocavənd istiqamətində gedən ağır döyüşlərdə iştirak etdi. Coşqun un döyüş yoldaşları ilə söhbətimizdə onun 6 düşmən snayperini məhf etmişdi".

Ana danışarkən mən də onun sözləri arasında Coşqunun qəhrəman obrazını görə bilirdim. Hər cümləsi sanki bir mənzərə çəkirdi: igid oğul, vətən yolunda sədaqət, ana isə həm qürur, həm də dərd içində.

Ana deyir ki, Coşqun subay olsa da, çox zəhmətkeş, qeyrətli və məsuliyyətli idi. “Yaxşı döyüşçü olduğunu bildiyimdən nigaran qalmazdım”, - deyir. Amma müharibə başlayandan sonra ana nigaranlığı üstün gəlib. Oğlunun hər zəngi bir təsəlli, hər səsi bir ümid idi. Mən onun yanında oturarkən anladım ki, sadəcə sözlərlə deyil, hər titrəyən səsdə ana və oğulun söhbətinin çəkisi var. Son zəngində isə Coşqun cəmi bir cümlə dedi: “Ana, səni öpürəm. Darıxma, hər şey yaxşı olacaq”.

Oktyabrın 23-də Hadrud istiqamətində gedən ağır döyüşlərdə düşmən snayperinin gülləsi igid döyüşçünü şəhidlik zirvəsinə ucaltdı. Ana ilə danışarkən mən də ürəyimdə onun itkisini hiss etdim; sözsüz, amma dərin bir boşluq bütün otağı doldurmuşdu.

Fərqanə xanım bildirdi ki, o xəbəri alanda yaşadıqlarını sözlə ifadə etmək mümkün deyil. Bala itkisi ağır dərddir. Videolara baxmaq çətindir. Amma bu ağrının içində bir qürur var: “Mən balamla həmişə fəxr etmişəm.” Döyüş yoldaşlarının Coşqun haqqında söylədiyi hər söz anaya təsəlli olur, onu yaşamağa ruhlandırır. Çünki Coşqun həmişə şərəfli yol arzulamışdı və o yolu şəhidliklə tamamladı.

Şəhid Coşqun Orucov 26 oktyabr 2020-ci ildə uğrunda  canından keçdiyi bayrağına bükülüb,torpağına tapşırılır. O, Suraxanı rayonunun Dədə Qorqud qəsəbəsində dəfn edilir.   

Qəhrəman döyüşçü Azərbaycan Respublikasının  Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”, “Hərbi xidmətlərə görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Coşqunun mövlud günümdə ana ilə həmsöhbət olduğum o dəqiqələri  unutmaq mümkün deyil. Bu söhbətdə  bir ehtiram, qürur və sonsuz sevgini hiss etdim.

Və fikirlərimi bu cümlələrlə bitirmək istədim... Vətən üçün doğulanlar heç vaxt ölmür. Qəhrəmanı mövlud günündə ehtiramla anır, ailəsinə səbr diləyirik. Ruhun şad olsun, Coşqun.

Bəxtiyar ƏLİYEV, 
Azərbaycan Jurnalistlər Birliyinin üzvü