Advertisment

Tallində Azərbaycanın Dövlət Suverenliyi Günü qeyd olunub

Estoniyanın nüfuzlu Tallin Universitetinin mərkəzi binasında fəaliyyət göstərən Azərbaycan Həftəsonu Məktəbində 20 Sentyabr – Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü ilə əlaqədar dəyirmi masa təşkil olunub.

Herbiand.az xəbər verir ki, tədbir Azərbaycanın Estoniyadakı səfirliyinin dəstəyi ilə gerçəkləşib.

Tədbirdə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş qəhrəman Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Azərbaycan Həftəsonu Məktəbinin rəhbəri Sənəm Əliyeva tədbirin açılışında çıxış edərək Dövlət Suverenliyi Gününün tarixi əhəmiyyətindən bəhs edib, Azərbaycan dövlətçiliyinin bu mərhələyə qədər keçdiyi mürəkkəb yola dair ətraflı məlumat verib.

Çıxışlarda vurğulanıb ki, 2023-cü il sentyabrın 19-da başlanmış və cəmi 23 saat davam edərək sentyabrın 20-də başa çatmış lokal xarakterli antiterror əməliyyatı nəticəsində ölkəmizin suverenliyi tam bərpa olunub.

Gənc tələbələr harada yaşamalarından və təhsil almalarından asılı olmayaraq dünya azərbaycanlılarını dövlət müstəqilliyimizin və suverenliyimizin möhkəmləndirilməsi naminə azərbaycançılıq ideologiyası ətrafında birləşməyə çağırıblar. İkinci Qarabağ müharibəsinin rəmzinə çevrilən “Dəmir yumruq” xalqımızın gücünün və birliyinin təcəssümüdür. İkinci Qarabağ müharibəsində qazanılmış tarixi Zəfər nəticəsində işğaldan azad edilmiş ərazilərimizdə aparılan genişmiqyaslı quruculuq və bərpa işlərinin əhəmiyyəti xüsusi vurğulanıb.

Diqqətə çatdırılıb ki, bu cür görüşlərin və tədbirlərin təşkili Azərbaycanın dünyada daha geniş tanıdılması və təbliği baxımından mühüm əhəmiyyət daşıyır.