Vətən uğrunda canından keçmiş qəhrəmanımız, Baş leytenant Telmanlı Allahyar Elman oğlunun əziz xatirəsi yad edilib.
"Naxçıvan Şəhid Ailələri" İctimai Birliyinin mətbuat xidməti bildirir ki, Şəhidin məzarı ziyarət olunub, önünə gül dəstələri düzülüb, ruhuna dualar oxunub.
Anım mərasimində Babək Rayon İcra Hakimiyyətinin başçısı Ovni Muradov, Naxçıvan Muxtar Respublikasının deputatları, hüquq-mühafizə orqanlarının əməkdaşları, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
İcra Hakimiyyətinin başçısı Ovni Muradov mərasimdə çıxış edərək bildirib ki, Azərbaycan xalqı şəhid övladlarının qəhrəmanlığı ilə daim fəxr edir. Onların igidliyi nəticəsində torpaqlarımız işğaldan azad olunub, üçrəngli bayrağımız azad edilmiş yurd yerlərində qürurla dalğalanır. Şəhidlərin əziz xatirəsi xalqımızın qəlbində daim yaşayacaqdır.
O, çıxışında həmçinin Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sözlərini xatırladaraq qeyd edib:
“Biz şəhidlərimizin qanını yerdə qoymadıq, onların ruhu qarşısında baş əyirik. Qəhrəman oğullarımızın fədakarlığı sayəsində torpaqlarımız azad edildi, Vətənimizin bütövlüyü təmin olundu.”
İcra başçısı vurğulayıb ki, bu gün ölkə başçısının rəhbərliyi ilə şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğı dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Hər bir şəhidin xatirəsi hörmətlə anılır, onların ailələri daim dövlətin və xalqın diqqət mərkəzində saxlanılır.
Qeyd edək ki, Baş leytenant Telmanlı Allahyar Elman oğlu 01.09.1992-ci il tarixində anadan olub, 09.10.2020-ci ildə Vətən uğrunda qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb. O, “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı, “Azərbaycan Ordusunun 100 illiyi” yubiley medalı, “Cəbrayılın azad olunmasına görə” medalı, “Vətən uğrunda” medalı, 3-cü dərəcəli “Rəşadət” ordeni və “İgidliyə görə” medalı ilə təltif olunub.
Ruhu şad olsun