Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın Kiyev vilayətinə raket hücumundan sonra xilasetmə əməliyyatlarının davam etdiyini bildirib.
Herbiand.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti sosial şəbəkə hesabında paylaşım edib.
Zelenski bildirib ki, ilkin məlumata əsasən, hücum nəticəsində onlarla insan yaralanıb, altı nəfər həlak olub: “Hadisənin bütün təfərrüatlarının və zərərçəkənlərin taleyinin dəqiqləşdirilməsi istiqamətində işlər davam edir. Bütün zəruri fövqəladə xidmətlər hadisə yerindədir. Slavyanska idarəolunan aviasiya bombaları ilə endirilən zərbələr nəticəsində isə beş nəfər ölüb, doqquz nəfər yaralanıb. Hücumlar zamanı yaşayış evləri, konsulluq binası və nəqliyyat vasitələri zədələnib”.
Ukrayna Prezidenti bu hücumlara görə Rusiyanın məsuliyyət daşımalı olduğunu vurğulayıb: “Rusiya artıq çoxdan beynəlxalq normalara və insani dəyərlərə hörmətini itirib. Onların yeganə məqsədi qətlləri davam etdirməkdir”.
O, həmçinin beynəlxalq tərəfdaşları Ukraynanın hava hücumundan müdafiə imkanlarının gücləndirilməsinə çağırıb: “İnsanların həyatının qorunması həm də tərəfdaşlarımızın atacağı addımlardan asılıdır. "Patriot" hava hücumundan müdafiə sistemləri üçün raket-tutucuların tədarükü hazırda bir nömrəli prioritetdir".