Türkiyə bir sıra beynəlxalq enerji layihələrinə sərmayə yatırıb.
Herbiand.az -ın xəbərinə görə, bunu Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar V Antalya Diplomatiya Forumu çərçivəsində keçirilən panel müzakirədə deyib.
Onun sözlərinə görə, Cənub Qaz Dəhlizi bu baxımdan mühüm və təsirli layihələrdən biridir.
Nazir bildirib ki, Türkiyə hər il təxminən 10 giqavat həcmində günəş və külək enerjisi, eləcə də digər enerji sahələrinə investisiya yatırır.
Onun sözlərinə görə, enerji keçidi qaçılmazdır və artıq baş verir, lakin bu proses “ağıllı enerji keçidi” prinsipi ilə həyata keçirilməlidir.
Alparslan Bayraktar bildirib ki, Türkiyə bərpaolunan enerji resurslarından maksimum istifadəni təşviq edir, eyni zamanda, enerji istehsalında nüvə enerjisinin gücünü artırmağı planlaşdırır.
O qeyd edib ki, məqsəd 2050-ci ilə qədər 20 giqavat gücündə nüvə enerjisi istehsalına nail olmaqdır.
Alparslan Bayraktar əlavə edib ki, neft və qaz yaxın dövrdə enerji balansında qalmağa davam edəcək və Türkiyə bu sahədə həm quruda, həm də dənizdə hasilat layihələrinə sərmayə yatırır.