Advertisment

Bakıda məktəbdə şagird sinif yoldaşını yandırıb

Aprelin 20-də 286 nömrəli tam orta ümumtəhsil məktəbinin IX sinif şagirdi 2010-cu il təvəllüdlü yeniyetmə 2011-ci il təvəllüdlü sinif yoldaşının üzərinə spirt tökərək alışqanla yandırıb.

Herbiand.az-a daxil olan məlumata görə, məktəb rəhbərliyi tərəfindən dərhal təcili-tibbi yardım çağırılıb. Şagirdə ilkin tibbi yardım göstərilib, müayinə və müalicə üçün səhiyyə müəssisəsinə aparılıb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən verilən məlumata görə, məsələ ilə əlaqədar şagirdin valideynlərinə və aidiyyəti qurumlara məlumat verilib.

“Məsələ aidiyyəti qurumlar tərəfindən nəzarətə götürülüb və müvafiq araşdırmalara başlanılıb. Həmçinin məktəbdaxili araşdırma çərçivəsində şagirdin sinif yoldaşları və müəllimlərlə söhbət aparılır. Məktəb psixoloqu tərəfindən şagirdlərlə zəruri dəstəkləyici tədbirlər həyata keçirilir.

İctimaiyyətdən araşdırma aparıldığını nəzərə alaraq, məsələyə daha həssas yanaşılması, hadisə barədə rəsmi qurumların açıqlamalarına istinad edilməsi xahiş olunur”.

Yanıq xəsarətləri alan yeniyetmə Nərimanov Tibb Mərkəzinin nəznində olan Yanıq Mərkəzinə hospitalizasiya olunub. Ona başın, üzün, boynun, gövdənin ön-yan səthlərinin hər iki yuxarı ətraflarının II-III dərəcəli termiki alov yanığı diaqnozu təyin olunub. Hazırda pasyentin müalicəsi Reanimasiya şöbəsində davam etdirilir. Vəziyyəti ağır qiymətləndirilir.

Hadisəni törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.