Sosial Mədəni Dəyişikliklərin Öyrənilməsi İctimai Birliyinin təşkilatçılığı ilə martın 16-da “Novruz bayramı milli dəyərimizdir” mövzusunda dəyirmi masa keçirilib.
Tədbirin əsas məqsədi Novruz bayramının Azərbaycan xalqının tarixində və milli-mədəni yaddaşında tutduğu mühüm yeri diqqətə çatdırmaq, onun qədim adət-ənənələrinin qorunması və gələcək nəsillərə ötürülməsinin əhəmiyyətini vurğulamaq, həmçinin Novruzun milli həmrəyliyin və ictimai birlik ənənələrinin möhkəmləndirilməsində rolunu müzakirə etmək olub.
Tədbiri giriş sözü ilə açan Sosial Mədəni Dəyişikliklərin Öyrənilməsi İctimai Birliyinin sədri, fəlsəfə doktoru Hüseyn İbrahimov Novruz bayramının Azərbaycan xalqının milli-mənəvi dəyərlər sistemində xüsusi yer tutduğunu bildirib. O qeyd edib ki, Novruz yalnız təbiətin oyanışını və yazın gəlişini simvolizə edən bayram deyil, eyni zamanda xalqımızın əsrlər boyu formalaşdırdığı zəngin adət-ənənələri, ailə və qohumluq münasibətlərini, qarşılıqlı hörmət və həmrəylik prinsiplərini özündə birləşdirən mühüm milli-mədəni irs nümunəsidir.
Hüseyn İbrahimov çıxışında Novruzla bağlı adətlərin qorunmasının və onların müasir dövrdə gənc nəslə düzgün şəkildə çatdırılmasının xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. Bildirib ki, qloballaşma və sürətli sosial dəyişikliklər şəraitində milli bayramların və ənənələrin yaşadılması xalqın tarixi-mədəni kimliyinin qorunmasına mühüm töhfə verir.
Dəyirmi masada çıxış edən professor Əyyub Kərimov Novruz bayramının tarixi və mədəni əhəmiyyəti haqqında geniş məlumat verib. O, Novruzun xalqımızın həyat tərzi, məişəti, folkloru və dünyagörüşü ilə sıx bağlı olduğunu qeyd edib. Professor bildirib ki, Novruz mərasimləri xalq yaradıcılığının müxtəlif nümunələrini özündə birləşdirir və bu baxımdan onun öyrənilməsi Azərbaycan milli mədəniyyətinin daha dərindən araşdırılması baxımından mühüm əhəmiyyət daşıyır.
Dosent Mahir İbrahimov isə çıxışında Novruz adət-ənənələrinin qorunması və təbliği məsələlərinə toxunub. O bildirib ki, bayramın əsas mahiyyətini təşkil edən sülh, xeyirxahlıq, mərhəmət, birlik, böyüyə hörmət və ehtiyacı olana yardım kimi dəyərlər bu gün də öz aktuallığını qoruyur. Onun sözlərinə görə, Novruz ənənələrinin yaşadılması həm milli-mənəvi irsin qorunmasına, həm də cəmiyyətdə sosial münasibətlərin və həmrəyliyin möhkəmləndirilməsinə xidmət edir.
Çıxışlarda Novruzun xalqın milli kimliyinin formalaşmasında rolu, qədim adət və mərasimlərin qorunması, milli-mədəni irsin gələcək nəsillərə ötürülməsi, gənclərin milli dəyərlərə bağlılığının artırılması və Novruz ənənələrinin müasir dövrdə təbliği məsələləri xüsusi diqqət mərkəzində olub.
Tədbirdə həmçinin Novruz bayramının Azərbaycan cəmiyyətində yaratdığı birlik və həmrəylik mühiti, milli adət-ənənələrin qorunması, qədim mərasimlərin elmi baxımdan araşdırılması və onların gənclər arasında təbliği ilə bağlı geniş fikir mübadiləsi aparılıb.
Sonda qeyd olunub ki, Novruz Azərbaycan xalqının çoxəsrlik mədəni irsinin mühüm tərkib hissəsi olmaqla yanaşı, milli birlik, həmrəylik, xeyirxahlıq və gələcəyə inam kimi ümumbəşəri dəyərləri də özündə birləşdirir. Bu dəyərlərin qorunması və təbliği milli-mədəni irsin davamlılığının təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır.