Advertisment

“Müasir dövrdə dayanıqlı inkişaf və onun təmin olunması yolları” mövzusunda dəyirmi masa keçirilib

Sosial Mədəni Dəyişikliklərin Öyrənilməsi İctimai Birliyinin təşkilatçılığı ilə noyabrın 20-də “Müasir dövrdə dayanıqlı inkişaf və onun təmin olunması yolları” mövzusunda dəyirmi masa keçirilib. Dəyirmi masada dayanıqlı inkişafın əsas prinsipləri, sosial, iqtisadi və ekoloji inkişaf arasında balansın təmin olunması, təbii ehtiyatlardan səmərəli istifadə, ətraf mühitin qorunması, sosial rifahın yüksəldilməsi və gələcək nəsillərin maraqlarının nəzərə alınması məsələləri müzakirə olunub.

Tədbiri giriş sözü ilə açan Sosial Mədəni Dəyişikliklərin Öyrənilməsi İctimai Birliyinin sədri, fəlsəfə doktoru Hüsey İbrahimov dayanıqlı inkişafın müasir dövrdə cəmiyyətlərin qarşısında duran əsas prioritetlərdən biri olduğunu bildirib. O qeyd edib ki, iqtisadi inkişafla yanaşı, sosial rifahın və ətraf mühitin qorunmasının təmin edilməsi xüsusi əhəmiyyət daşıyır.

Dəyirmi masada çıxış edən dosent Cahangir Cahangirli məruzəsində dayanıqlı inkişafın təmin edilməsində iqtisadi və sosial siyasətin uzlaşdırılmasının, resurslardan səmərəli istifadənin və ekoloji tarazlığın qorunmasının vacibliyini vurğulayıb. O, dayanıqlı inkişaf məqsədlərinin həyata keçirilməsində dövlət, biznes və vətəndaş cəmiyyəti institutları arasında əməkdaşlığın əhəmiyyətini qeyd edib.

Dosent Zeynəddin Şabanov çıxışında son dövrlərdə qlobal miqyasda geniş yayılan ekoloji problemlər, iqlim dəyişiklikləri, təbii resursların məhdudluğu və ətraf mühitin çirklənməsi kimi aktual məsələlərə diqqət çəkib. O bildirib ki, ekoloji problemlərin qarşısının alınması və gələcək nəsillərin təhlükəsiz və sağlam mühitdə yaşamasının təmin edilməsi dayanıqlı inkişafın əsas şərtlərindəndir.

Tədbirdə həmçinin əhalinin ekoloji maarifləndirilməsinin artırılması, yaşıl iqtisadiyyatın inkişaf etdirilməsi, enerji səmərəliliyinin yüksəldilməsi və dayanıqlı həyat tərzinin təşviqi ilə bağlı geniş fikir mübadiləsi aparılıb.