6 oktyabr 2025-ci il tarixdə Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış baş leytenant Həmid Oruc oğlu Qasımovun anım günü doğulub boya-başa çatdığı Qabıllı kəndində, müqəddəs məzarı önündə qeyd olunub.
Mərasimdə rayon ictimaiyyətinin nümayəndələri, şəhid ailələri, Vətən müharibəsi iştirakçıları, polislər, hərbçilər və kənd sakinləri iştirak ediblər.
Əvvəlcə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət Himni səsləndirilib, Qurani-Kərimdən ayələr oxunub. Burada dəfn edilən hər üç şəhidin məzarlarını ziyarət edib, üzərinə tər qərənfillər düzüblər.
Tədbirdə çıxış edən Kəngərli Rayon İcra Hakimiyyətinin başçısı Kamal Ələkbərov qeyd edib ki, Azərbaycan xalqı öz tarixinin ən şanlı və qürurverici dövrünü yaşayır. O vurğulayıb ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi, Rəşadətli Ordumuzun qəhrəmanlığı və xalqımızın birliyi sayəsində 30 illik həsrətə son qoyuldu, tarixi ədalət bərpa edildi. Bu gün 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm Zəfərin 5-ci ildönümünü böyük fəxarət hissi ilə qeyd edirik.
İcra başçısı 2023-cü ilin sentyabrında həyata keçirilmiş lokal xarakterli antiterror tədbirlərindən də bəhs edərək vurğulayıb ki, həmin əməliyyatlarla ölkəmizin tam suverenliyi təmin edilib, separatizm birdəfəlik aradan qaldırılıb.
Şəhid Həmid Qasımovun igidlik yoluna toxunan icra başçısı onun Suqovuşan uğrunda gedən döyüşlərdə göstərdiyi qəhrəmanlığı xatırladıb: “Baş leytenant Həmid Qasımov kimi igid oğullarımız öz canları və qanları bahasına bizə bu Zəfəri yaşatdılar. Onun fədakarlığı və vətən sevgisi gələcək nəsillərə örnəkdir”.
Çıxışlarda həmçinin Yeni Azərbaycan Partiyası Kəngərli Rayon Təşkilatının sədri Sevda Quluyeva, şəhid Gülməmmədov Aminin atası, "Naxçıvan Şəhid Ailələri" İctimai Birliyinin sədri Mayis Gülməmmədov, Ali Məclisin deputatı Qazi Təbriz Zeynalov, şəhid anaları şəhidimizin ailəsinə dərin ehtiramlarını bildirərək qeyd ediblər ki, Həmid kimi qəhrəman el oğulları Vətənin əbədiliyinin, azadlığının və müstəqilliyinin rəmzidir. Hər birimiz üçün ən böyük borc onların qəhrəmanlığını unutmamaq və qoruduqları müqəddəs torpaqları daim uca tutmaqdır.
Tədbirdə məktəblilər hərbi vətənpərvərlik mövzusunda yazılmış şeirlər səsləndiriblər. Sonda xatirə fotosu çəkdirilib.
Bəxtiyar ƏLİYEV
"Naxçıvan Şəhid Ailələri" İctimai Birliyinin mətbuat katibi