Şəhid Daşqın Rzalının doğum günü məzarı başında anılıb
2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsində ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçərək şəhidlik zirvəsinə ucalan Azərbaycan Ordusunun Sərhəd Qoşunlarının kiçik giziri Rzalı Daşqın Elşad oğlunun doğum günü münasibətilə Culfa rayonunun Yaycı kəndində anım tədbiri keçirilib. Mərasimdə Culfa Rayon İcra Hakimiyyətin nümayəndələri, hüquq-mühafizə orqanlarının əməkdaşları, şəhid ailələri, qazilər və kənd sakinləri iştirak ediblər.
Anım tədbirinə toplaşanlar ilk olaraq qəhrəman şəhid Daşqın Rzalının doğulduğu Yaycı kəndindəki məzarını ziyarət ediblər. Şəhidin ucaldığı məzar önünə tər qərənfillər düzülüb, onun unudulmaz xatirəsi dərin ehtiram və hörmətlə yad olunub.
Daha sonra rəsmi anım hissəsinə start verilib. Mərasim Azərbaycan Respublikasının Dövlət Himninin əzəmətli sədaları altında açıq elan edilib. Himnin ardınca ölkəmizin müstəqilliyi, suverenliyi və torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Ziyarət zamanı müqəddəs Qurani-Kərimdən ayələr oxunub, qəhrəman vətən övladının ruhuna dualar edilərək xatirəsi mənəvi ucalıqla anılıb.
Tədbirdə çıxış edən rəsmi qonaqlar və ictimaiyyət nümayəndələri Daşqın Rzalının keçdiyi şərəfli ömür və döyüş yolundan geniş bəhs ediblər. Bildirilib ki, 27 may 1993-cü ildə Culfa rayonunun Yaycı kəndində anadan olan Daşqın, Vətən müharibəsinin ilk günlərindən böyük ruh yüksəkliyi ilə ön cəbhədəki döyüşlərə qatılıb və zəfər tariximizə öz adını qanla yazdırıb. O, Zəngilan rayonu istiqamətində gedən ağır və həlledici döyüşlərdə qəhrəmancasına vuruşaraq oktyabrın 21-də şəhidlik zirvəsinə ucalıb.
Anım mərasimi məktəblilərin çıxışı ilə davam etdirilib. Şagirdlərin ifasında şəhidlərimizə, ana vətənə, torpaq sevgisinə və qəhrəmanlığa həsr olunmuş vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib, ədəbi-bədii kompozisiya nümayiş etdirilib.
Sonda şəhidin ailə üzvləri çıxış edərək onlara göstərilən diqqət və Qayğıya, həmçinin övladlarının xatirəsinin hər zaman uca tutulmasına görə dövlət rəhbərliyinə və tədbir iştirakçılarına öz dərin minnətdarlıqlarını bildiriblər.
Döyüş meydanında göstərdiyi misilsiz igidliyə və vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə kiçik gizir Daşqın Rzalı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, "Vətən uğrunda", "Zəngilanın azad olunmasına görə" və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilmişdir. Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Bəxtiyar ƏLİYEV
"Naxçıvan Şəhid Ailələri" İctimai Birliyinin mətbuat katibi