Göyçay rayonunun ən böyük yaşayış məntəqələrindən olan Potu kəndinin qəbiristanlığında məzarlar su altında qalıb, bəzi qəbirlərdə isə çökmələr müşahidə olunub.
Herbiand.az -ın məlumatına görə, ziyarətə gələn sakinlər subasma səbəbindən yaxınlarının məzarlarına yaxınlaşmaqda çətinlik çəkirlər. Kənd sakinləri qeyd edirlər ki, qəbiristanlığın yaxınlığından hər hansı çay və ya suvarma kanalı keçməsə də, ərazidə oxşar subasma halları əvvəllər də müşahidə olunub.
Hadisədən sonra əraziyə canlı qüvvə və xüsusi texnika cəlb edilib. Suyun qısa müddətdə çəkilməsi istiqamətində tədbirlərə başlanılıb. Görülən operativ işlər nəticəsində suyun səviyyəsində azalma müşahidə olunur.
Potu bələdiyyəsinin sədri Zamiq İbrahimov AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında bildirib ki, problemin aradan qaldırılması üçün dərhal işlərə start verilib: “Su axınının qarşısını kəsdik. Hazırda ərazidə suyun çəkilməsi işləri davam etdirilir. Bizə Şəhər Təsərrüfat Birliyi də dəstək verir. Birgə fəaliyyət nəticəsində suyun böyük hissəsi artıq kənarlaşdırılıb. Bir neçə qəbir suyun içində qaldığı üçün həmin sahələrdə də suyun çəkilməsi prosesi aparılır. İşlər yekunlaşmaq üzrədir”.
Bələdiyyə sədrinin sözlərinə görə, su ərazidən tam çəkilənədək tədbirlər davam etdiriləcək. Bununla yanaşı, gələcəkdə oxşar halların təkrarlanmaması üçün problemin səbəbləri araşdırılacaq və müvafiq addımlar atılacaq.