Advertisment

Komitə sədri Milli Məclisdə növbəti vətəndaş qəbulunu keçirib

Millət vəkili, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa parlamentdə fevral ayı üzrə növbəti vətəndaş qəbulunu keçirib.

 

Qəbul zamanı vətəndaş cəmiyyəti institutlarının, o cümlədən diaspor qurumlarının rəhbər təmsilçiləri, eləcə də müxtəlif bölgələrdən müraciət edən vətəndaşlar tərəfindən sosial təminat, hüquqi müdafiə, ictimai birliklərin fəaliyyəti, dini qurumlarla bağlı məsələlər və digər əməli fəaliyyət sahələrinə dair müraciətlər dinlənilib. Səsləndirilən problemlər üzrə geniş fikir mübadiləsi aparılıb, müraciət müəlliflərinə hüquqi izahlar verilib və məsələlərin həlli yönündə mümkün mexanizmlər diqqətə çatdırılıb.

 

Müraciətlərdə qaldırılan məsələlərin araşdırılması, müvafiq tədbirlərin görülməsi məqsədilə aidiyyəti dövlət qurumlarına rəsmi məktubların ünvanlanacağı bildirilib.

 

Komitə sədri vətəndaş cəmiyyəti institutları ilə dövlət orqanları arasında konstruktiv dialoqun önəmini vurğulayaraq, vətəndaş müraciətlərinə həssas və məsuliyyətli yanaşmanın parlament fəaliyyətinin prioritet istiqamətlərindən biri olduğunu bildirib. Qaldırılan məsələlərin icra vəziyyətinin nəzarətdə saxlanılacağı və nəticələr barədə müraciət müəlliflərinə məlumat veriləcəyi xüsusi olaraq diqqətə çatdırılıb.

 

Qəbulun əsas məqsədinin vətəndaşların problemlərinin birbaşa dinlənilməsi, ictimai institutlarla əlaqələrin gücləndirilməsi və qanunvericilik təşəbbüslərinin praktik əsaslarda təkmilləşdirilməsi olduğu vurğulanıb.