Gürcüstanın Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) keçirdiyi xüsusi əməliyyat çərçivəsində Batumi şəhərində terror təşkilatı ilə əlaqədə şübhəli bilinən 1 əcnəbi və 1 Gürcüstan vətəndaşı saxlanılıblar.
Herbiand.az xəbər verir ki, bu barədə Gürcüstan DXT-nin rəisinin birinci müavini Laşa Mağradze bu gün keçirdiyi brifinqdə məlumat verib.
"Onların Gürcüstana girişi və məqsədləri barədə əvvəlcədən məlumatımız var idi. Bu şəxslər Gürcüstana ayrı-ayrılıqda gəlib, kirayə mənzildə məskunlaşıblar. Giriş etdikləri gündən hər ikisi nəzarəti altında idi", - deyə o bildirib.
Laşa Mağradzenin sözlərinə görə, istintaq müəyyən edib ki, adları çəkilən şəxslər "İslam dövləti" terror təşkilatının sıralarına qoşulub, sədaqət andı içiblər və bunu görüntü şəklində təşkilat rəhbərlərinə göndəriblər. “Həmin şəxslər "İslam dövləti" liderləri tərəfindən verilən istənilən tapşırığı yerinə yetirməyə hazır olublar. Həmçinin müəyyən edilib ki, saxlanılanlar Gürcüstandan başqa bir ölkəyə gedərək, orada "İslam dövləti"nin döyüşçülərinə qoşulmalı idilər”, - deyə DXT-nin rəisinin birinci müavini vurğulayıb.
O diqqətə çatdırıb ki, istintaq çərçivəsində elektron məlumat daşıyıcı qurğular, qeydiyyatsız SİM kartlar, mobil telefonlar, terror təşkilatının simvollarını əks etdirən əşyalar, maskalar, şəxsi sənədlər və iş üçün əhəmiyyətli olan digər sübutlar müsadirə edilib.
Faktla bağlı istintaq davam etdirilir.