Fransada Milli Bayram münasibətilə keçirilən builki 14 İyul hərbi paradı siyasi mübahisələrlə diqqət çəkib və paradın formatı müxalifət nümayəndələrinin sərt tənqidlərilə qarşılanıb.
Herbiand.az xəbər verir ki, Milli Birlik (RN) Partiyasının deputatı Loran Jakobelli paradın daha çox Prezident Emmanuel Makronun şəxsi imicinə xidmət etdiyini iddia edib. Onun sözlərinə görə, tədbir ordunun cəsarətini deyil, bir insanın eqosunu məmnun etmək üçün təşkil olunub.
Jakobelli həmçinin təhlükəsizlik tədbirlərini də tənqid edərək, əvvəlcədən qeydiyyat və QR kod sistemi tətbiq edilməsini prezidentin ictimai narazılıq və mümkün fit səslərindən çəkinməsi ilə əlaqələndirib.
Respublikaçılar Partiyasından senator Sedrik Perren də Makronu Milli Bayramı siyasi kommunikasiya vasitəsinə çevirməkdə ittiham edib.
Builki parad gücləndirilmiş təhlükəsizlik tədbirləri ilə də seçilib. İlk dəfə olaraq tədbiri izləmək istəyən şəxslər Yelisey Sarayının saytında əvvəlcədən qeydiyyatdan keçərək fərdi QR kod əldə etməli olublar. Paris Polis Prefekturasının məlumatına görə, 50 mindən çox insan qeydiyyatdan keçib. Hakimiyyət bu qərarı təhlükəsizlik tələbləri ilə əsaslandırıb.