44 günlük Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalan baş leytenant Zeynalov Elnur Elsevər oğlunun doğum günü münasibətilə Naxçıvan şəhərində şəhidimizin əziz xatirəsinin dərin ehtiramla yad edildiyi “Şərəf həyatdan ucadır” adlı tədbir keçirilib.
“Naxçıvan Şəhid Ailələri” İctimai Birliyinin mətbuat xidməti bildirir ki, tədbirdə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
Tədbir çərçivəsində Naxçıvan Televiziyasının ərsəyə gətirdiyi “Ölümsüzlər” filmi nümayiş olunub. Şəhidlərimizin qəhrəmanlıq salnaməsini, Vətən uğrunda göstərdikləri fədakarlığı əks etdirən film tədbir iştirakçıları tərəfindən böyük maraq və ehtiramla qarşılanıb.
Ardınca baş leytenant Elnur Zeynalovun həyat və döyüş yolundan bəhs edən çıxışlar dinlənilib. Qeyd olunub ki, Vətən uğrunda canından keçərək şəhidlik zirvəsinə ucalan belə qəhrəman oğulların göstərdiyi şücaət gələcək nəsillər üçün əsl vətənpərvərlik nümunəsidir. Onların adı və əziz xatirəsi xalqımızın yaddaşında daim yaşayacaq.
“Sonunu düşünən qəhrəman olmaz” kəlamını hər zaman özünə deviz seçən Elnur Zeynalov da Vətən qarşısında müqəddəs borcunu şərəflə yerinə yetirərək əbədiyyətə qovuşub. Onun göstərdiyi qəhrəmanlıq, Vətən sevgisi və döyüş yolu xalqımızın, eləcə də doğmalarının yaddaşında daim yaşayacaq.
Şəhid baş leytenant Elnur Zeynalovun əziz xatirəsi ehtiramla yad olunub, ruhuna dualar oxunub.
Bəxtiyar Əliyev