Advertisment

Gelencikdə PUA hücumu: ölənlərin sayı 6-ya, yaralananların sayı 40-a çatıb

Rusiyanın Krasnodar diyarının Gelencik şəhərində Ukraynaya məxsus pilotsuz uçuş aparatının qalıqlarının düşməsi nəticəsində həlak olanların sayı 6 nəfərə yüksəlib.

Rusiya KİV-lərinin məlumatına görə, ölənlər arasında 3 uşaq da var. Son məlumata əsasən, hadisə nəticəsində xəsarət alanların sayı isə 40 nəfərə çatıb.

Bundan əvvəl Krasnodar diyarının qubernatoru Veniamin Kondratyev bildirmişdi ki, pilotsuz uçuş aparatlarının hücumu nəticəsində ən ağır vəziyyət Gelencik yaxınlığındakı Arxipo-Osipovka kəndində qeydə alınıb. Onun sözlərinə görə, hücum zamanı mülki infrastruktura ziyan dəyib, yaşayış obyektləri zərər görüb.

Qubernator qeyd edib ki, yaralananlara hadisə yerində və tibb müəssisələrində zəruri yardım göstərilir. Rusiya Fövqəladə Hallar xidmətlərinin əməkdaşları ərazidə axtarış-xilasetmə və bərpa işlərini davam etdirirlər.