Ukrayna prezidenti Vladimir Zelenski atəşkəs olacağı təqdirdə seçkiləri keçirməyə hazır olduğunu bəyan edib. O, seçkilərin Konstitusiyaya uyğun keçirilməli olduğunu vurğulayıb.
Herbiand.az xəbər verir ki, bu barədə o, Fox News telekanalına müsahibəsində deyib:
"Biz hazırıq. Atəşkəs olsa, Konstitusiyamıza görə çətin olsa belə".
O, aydınlaşdırıb ki, seçkilər yalnız tərəfdaşlarla əməkdaşlıq və təhlükəsizlik təminatı ilə mümkündür.
"Tərəfdaşlarımızla birlikdə və təhlükəsizlik zəmanəti ilə bunu edə bilsək, seçkiləri keçirə bilərik", - Ukrayna lideri əlavə edib.
2022-ci ilin fevralında Rusiyanın tammiqyaslı işğalı başlayandan bəri davam edən hərbi vəziyyət səbəbindən Ukraynada seçkilər keçirilmir. Rəsmi olaraq növbəti parlament seçkiləri 2023-cü ilin payızına, prezident seçkiləri isə 2024-cü ilin yazına təyin edilmişdi. Bununla belə, hərbi vəziyyət davam etdiyi müddətdə hər iki kampaniya dondurulub.
Konstitusiya hərbi vəziyyət və ya fövqəladə vəziyyət zamanı hər hansı seçkilərin keçirilməsini qadağan edir. Bu həm parlament, həm də prezident seçkilərinə aiddir.