Advertisment

Ankarada Azərbaycan, Türkiyə və Şimali Kipr parlamentləri arasında əməkdaşlıq müzakirə olunub

Türkiyə Böyük Millət Məclisinin (TBMM) binasında Türkiyə, Azərbaycan və Şimali Kipr Türk Respublikasının (ŞKTC) parlamentlərarası dostluq qruplarının ikinci üçtərəfli görüşü keçirilib.

Herbiand.az xəbər verir ki, müzakirələrdə Azərbaycanı Milli Məclisin ŞKTC ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Cavanşir Feyziyev və Azərbaycan-Türkiyə parlamentlərarası dostluq qrupunun rəhbəri Əhliman Əmiraslanovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil olunub. Azərbaycan nümayəndə heyətinin tərkibinə Milli Məclisin deputatları Eldar Quliyev və Anar Məmmədov daxildir.

“Bir millət, üç dövlət” devizi altında keçirilən müzakirələri açan TBMM-nin Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım Ankara ilə Bakı arasında fəal əməkdaşlığı vurğulayıb. O qeyd edib ki, Azərbaycandan Türkiyəyə yatırılan investisiyaların həcmi artmaqda davam edir və bu, Ankaranı sevindirir.

Şamil Ayrım Azərbaycanı “Cənubi Qafqazın parlayan ulduzu” adlandırıb. O, Azərbaycan, Ermənistan və ABŞ liderlərinin avqustda Ağ Evdə keçirilən görüşün əhəmiyyətini də qeyd edib.

“Azərbaycanın Ermənistan Konstitusiyasına dəyişikliklərlə bağlı tələbləri haqlıdır. Bu, Cənubi Qafqazda davamlı sülhün bərqərar olmasına əngəldir. ATƏT-in Minsk qrupunun buraxılması və Zəngəzur dəhlizinin açılması perspektivi ümidvericidir”, -deyə parlamentlərarası dostluq qrupunun rəhbəri bildirib.

Ş. Ayrım Azərbaycanın qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikası arasındakı dəhlizi “Türkiyənin Türk dünyasına pəncərəsi” adlandırıb.

Türkiyənin millət vəkili diqqəti Qars-Naxçıvan dəmir yolunun tikintisinə və İğdır-Naxçıvan qaz kəmərinin işə salınmasına yönəldib. O deyib: “Ankara Türkiyə-Ermənistan sərhədlərinin açılması məsələsi da daxil olmaqla, Azərbaycanın maraqlarının pozulmasına imkan verməyəcək”.

Türkiyə-ŞKTC parlamentlərarası dostluq qrupunun rəhbəri Orhan Erdem, öz növbəsində, əlaqələrin inkişafına verdiyi töhfəyə və Şimali Kiprə verdiyi dəstəyə görə Azərbaycan rəhbərliyinə və şəxsən Prezident İlham Əliyevə minnətdarlığını bildirib. Onun sözlərinə görə, Milli Məclisin ŞKTC ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun yaradılması haqqında qərarı həm Kipr türkləri, həm də Türkiyə üçün xüsusi əhəmiyyət kəsb edən əlamətdar hadisə olub.

O.Erdem xatırladıb ki, Milli Məclisin nümayəndə heyəti Lefkoşaya səfər edən ilk xarici parlament qrupu olub. O, Ankara və Lefkoşanın ŞKTC və digər dövlətlərlə parlamentlərarası dostluq qruplarının yaradılması istiqamətində birgə səylər göstərdiyini bildirib. Şimali Kipr nümayəndəsinin sözlərinə görə, Türkiyə Kipr üçün qarant ölkə kimi Kipr türklərinin hüquqlarını müdafiə etməyə davam edəcək.

Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Əhliman Əmiraslanov Azərbaycan, Türkiyə və ŞKTC parlamentariləri arasında dialoqu yüksək qiymətləndirib. O, Türkiyə ilə Azərbaycan arasında dostluq və birliyin bütün sahələrdə uğurla nümayiş etdirildiyini vurğulayıb. “Bakı ilə Ankara arasında əlaqələr hərtərəfli dərinləşir. Azərbaycanın Vətən müharibəsi zamanı Türkiyənin tutduğu mövqe də buna misaldır. Bu, Azərbaycanın bütün sakinlərinə məlum olan faktdır”, -deyə Ə.Əmiraslanov bildirib.

O, 44 günlük müharibədə Azərbaycana sarsılmaz dəstəyini bəyan edən Prezident Rəcəb Tayyib Ərdoğanın sözlərini xatırladıb. “Müharibə zamanı biz Türkiyənin dəstəyini hiss etdik. Qardaş ölkənin, o cümlədən Türkiyə Böyük Millət Məclisinin nümayəndə heyətləri demək olar ki, hər gün ölkəmizə gəlirdilər”, - deyən Ə.Əmiraslanov İkinci Qarabağ müharibəsi günlərində Türkiyə parlamentinin nümayəndə heyətinin raket zərbələrinə məruz qalan Gəncəyə səfər etdiyini xatırladıb.

Əhliman Əmiraslanov “tarixi Şuşa Bəyannaməsinin imzalanma mərasimində iştirak etdiyi üçün özünü xoşbəxt insan” adlandırıb.

ŞKTC ilə əlaqələrə toxunan azərbaycanlı deputat Prezident İlham Əliyevin Şimali Kipr ilə əlaqələrin inkişaf etdirilməsinə dəstək mövqeyinə diqqət çəkib. “Bu gün yeni parlamentlərarası dostluq qruplarının yaradılmasına xüsusi ehtiyac var. Azərbaycan TÜRKPA iclaslarında bu məsələni qaldırıb”, -deyə Ə.Əmiraslanov qeyd edib.

Milli Məclisin ŞKTC ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Cavanşir Feyziyev çıxışında Şimali Kipri “Türk dünyasının ortaq məsuliyyəti” adlandırıb. “Bütün türk dövlətləri Kipr türklərinin üzləşdiyi problemlərin həlli üçün səy göstərməlidir. Azərbaycan Türk Dövlətləri Təşkilatı ölkələri ilə dialoqda bu məsələni daim gündəmə gətirir” -deyə o bildirib.

ŞKTC parlamentariləri Azərbaycanla əlaqələrin daha da inkişaf edəcəyinə ümidvar olduqlarını bildiriblər.

Görüş mətbuat üçün qapalı rejimdə davam edib.