(Portiret cizgiləri)
Nəzakət İsmayılzadə: “Ziyalı, xalqın görən gözü, düşünən beyini və danışan dili olmalıdır.
Bu gün belə ziyalılarımız nə qədər çox olsa, daha yaxşı olar”.
Tarixlər boyu ulularımızdan bizim əsrə qədər gəlmə belə bir maraqlı kəlam var: “Dişin ağrıyırsa çək qurtar”... Mənə elə gəlir ki, bu kəlam bütün millətlərdə var və yəqin o vaxt deyilib ki, həmin vaxtlar dişlərlə bağlı təbib olmayıb. Ona görə də dişləri müalicə etmək mümkün olmadığından belə deyiblər və dişlərini özləri çəkiblər, ya da naşı adamlara çəkdiriblər. Həmin vaxtı da orqanizmlərinə çoxlu infeksiyalar keçib və bu infeksiyalar da orqanlarının başqa üzvlərində də fəsadlar yaradıblar. Həm də yedikləri yeməkləri lazım olan kimi çeynəyib, həzm edə bilməyiblər. Bu da orqanizmdə başqa fəsadlar yaradıblar. Məhz ona görə də keçmiş əsrlərdə insanlar çox az yaşayıblar. Amma bu gün çox savadlı, bacarıqlı diş həkimlərimiz olduğuna görə, dişləri sağaltmaq heç də böyük problem deyil. Amma bu şərtlə ki, hər bir insan özünün həkimi olsun və dişlərinə mütəmadi qulluq etsin. Və başa düşsün ki, insan sağlamlığının ilk dərmanı həqiqətən də dişlərdir. Ona görə də mütəmadi olaraq, öz işinin peşəkarı olan diş həkimlərinə müraciət etsinlər. Onların dediklərinə diqqətlə qulaq asıb və onlara əməl eləsinlər.
Bax, belə məsuliyyətli və peşəkar diş həkimlərdən biri də Nəzakət həkimdir. İnanıram ki, onunla apardığım bu müsahibə oxucular üçün də maraqlı olacaq. Ona görə ilk öncə onun haqqında qısa məlumat vermək istəyirəm.
Qısa arayış: Nəzakət Abduləli qızı İsmayılzadə, 1973-cü ilin noyabr ayının 8-də Laçın rayonunda anadan olub. 1991-1993-cü illərdə Maliyyə -İqtisad kollecində təhsil alıb. Arzusu həkim olmaq olduğuna görə, israrla bu arzusunun ardınca gedərək, 1993-1998-ci illərdə Azərbsycan Dövlət Tibb Universitetinin tələbəsi olub. 1998-1999-cu illərdə internaturanı Sumqayıt şəhər 2 nömrəli Stomatoloji Poliklinikada keçib. 1999-2002-ci illərdə Sumqayıt şəhər 2 nömrəli Stomatoloji Poliklinikada həkim -stomatoloq işləyib. Sonra isə Kimyaçılar Poliklinikasında həkim- stomatoloq və paralel olaraq AQS Stomatoloji Klinikada həkim -stomatoloq kimi çalışıb. Sumqayıt şəhərindəki 4 nömrəli Poliklinikada həkim -stomatoloq kimi öz işini uğurla davam etdirib. Nəzakət həkim hal-hazırda Sumqayıt şəhər Stomatoloji Poliklinkada həkim- stomatoloq və paralel olaraq, ,,PREZİ-DENT Klinikasının həkim –stomatoloqudur. Öz işinin yaxşı mütəxəsisi olduğuna görə yanına xəstələr daha çox gəlir. Bütün yaş qruplarında pasiyentlər ona müraciət edirlər. O cümlədən uşaqlar da. Çünki bütün pasiyentlər, Nəzakət həkimi ümid çırağı bilirlər. Valideynlər onu da bilirlər ki, uşaqlarını o, müalicə etsə, özləri kimi onlar da tam müalicə olunacaqlar.
Dünya şöhrətli təbib, loğman İbn Sinanın bu kəlamı Nəzakət həkimin ali məqsədidir: “ Şəfasız xəstəlik yoxdur: iradə əskikliyindən başqa. Dəyərsiz bitki yoxdur, tanınmayandan başqa”.
- Salam, Nəzakət həkim. Bizim məmləkətdə insanlarımız çox vaxt dişlərə ən adi bir orqan kimi baxırlar və çox vaxt da dişlərini qorumurlar. Sonra da peşiman olurlar. Xahiş edirəm bizim çoxminli oxucularımıza geniş məlumat verin ki, dişlər nəyə görə vaxtından tez xarab olurlar. Bunun əsl səbəbi nədir? Daha doğrusu sizin həkim dililə desək dişlər, niyə xəstələnir?
- Salam Ağalar müəllim. Bu, çox maraqlı sualdır. Belə sualları xəstələr də tez-tez bizə verirlər. Bunun əsas səbəbi dişlərdə olan kariyesdir. Karyesin yaranma səbəbi hər zaman elm adamlaranı düşündürmüşdür. Aydınlaşdırılan səbəblər arasında birinci olaraq diş minasına turşuların həlledici təsiri əsas götürülür və eyni zamanda bu prosesdə bakteriyaların da ( Leptotrix buccalis mikrobu) çox iştirak edir.
Qeyd edim ki, uşaq ana bətnində olan zaman hamiləliyin gedişi, ananın keçirdiyi xəstəlikləri, stressi, qidalanması və uşaq anadan oduqdan sonra isə uşağın qidalanmasının süni və ya təbii olması, keçirdiyi xəstəliklər və hansı regionda yaşaması dişlərin kariyes və ya qeyri- kariyes xəstəliklərinin yaranmasında əsas rol oynayır. Onu da vurğulayım və xəstələr bilsinkər ki, kariyes genetik xəstəlik deyil, amma deyim ki, bir bənzəmədə var: pasiyentlər adətən dişlərinin tez çürüməsinə və quruluşuna görə anasına, ya da atasına oxşadıqlarını deyirlər.
Amma əslində bu, tam belə deyil. Əlbəttə, həqiqətən də bu bir şans məsələsidir. Dişlər nəsildə ən sağlam valideyndən uşağa ötürülsün. Lakin çox vaxt belə olmur.
- Bəs biz problemli dişlərlə dünyaya gələndən sonra dişlərimizin çürüməməsi, xarab olmaması üçün nə etməliyik və dişlərimizi necə qorumalıyıq?
- Bəli bu işdə uşaqlarla işləyən stomatoloqların üzərinə böyük məsuliyyət düşür. Ən ümdə iş uşağın ana südü ilə təbii qidalanmasıdır. Bu həm dişlərin lazım olan maddələrlə təmin olunmasına kömək edir, həm də üz-çənə- diş sistemində patologiyaların qarşısını alır. Ana südü mükəmməl diş strukturlarının inkişafı üçün yaxşı şərait yaradır. Amma çox əfsus ki, bu gün uşaqların böyük əksəriyyəti ana südündən məhrimdurlar. Ayrı-ayrı mənşəli bilinməyən smeslərlə qidalanan uşaqların da təkcə dişlərində yox, başqa orqanlarında da problemlər yaranır və uşaq böyüyəndən sonra həmin problemlər özünü büruzə verir. Bir də vurğulayım ki, uşaqlar ana südü ilə qidalansa, daha yaxşı olar.
Bilirsiniz ki, uşaqlarda ilk diş 6 aylıqda çıxır ( bəzən tez və ya gec çıxa bilər, hətta ağız boşluğunda dişi ilə doğulan körpələr də var). Bunu da qeyd edim ki, uşağın ilk dişi çıxan andan valideynlər tərəfindən hökmən dişlərin gigiyenik təmizlənməsi aparılmalıdır. Qidalanma rejiminə isə xüsusi diqqət yetirilməlidir. Uşağa vaxtında yemək verilməsi, onun yeməkarası intervallarda çox şirniyyat yeməməsi də kariyesin yaranması imkanın xeyli azaldır.
Suda flüor elementinin norma daxilində olması hökmən vacibdir. Çünki az da olarsa, dişlərdə xəstəliyə səbəb olur, çox da olarsa, başqa bir xəstəliyin yaranmasına səbəb olur. Flüor laklarından da istifadə etmək dişlərdə kariyesin qarşısını alır. Ən yaxşı nəticə əldə etmək üçün ağız boşluğunda dişlərin təzə çıxan zaman flüordan istifadə olunması məsləhətdir.
Remenerallaşdırıcı məhlullardan da istifadə etmək məqsədə çox uyğundur. ( 10% kalsi-qlükonat məhlulu.) Dişlər çıxan anından fissurları və kor çuxurları yüksək adgeziyaya malik plomblarla bağlamaq da kariyesin qarsısın alır. Bu işdə də diş həkimləri valideynlərə çox köməklik edə bilərlər.
- Bu gün insanlar var ki, dişləri sağlamdır, amma seyrək olduğuna görə ağızlarında dişləri yaxşı görünsün deyə, sağlam dişlərini çıxartdırıb, yeni dişlər əkdirirlər. Bu, nə qədər doğru fikirdir?
- Əslində seyrək dişlər arasında qida qalıqları az qalır, ya da heç qalmır deyə, çürümə ehtimalı nisbətən azalır. Allahın bizə bəxş etdiyi təbii dişlərin əvəzini heç bir süni diş verə bilməz. Düzdü, artıq insanlar sağlamlıqdan çox xarici gözəlliyə daha çox diqqət edirlər. Qeyd edim ki, gözəllik sizi nə qədər mükəmməl göstərsə də, o gözəllik sizin sağlamlığınıza zərər vermədən yaradılmalıdır. Çünki insanın dünyada ən böyük var-dövləti onun sağlamlığıdır. Sağlamlığı olmayan insan bal da yesə, ona zəhər dadı verəcək.
Bunu heç kəs unutmasın ki, heç bir həkim Uca Tanrının yaratdığı gözəlliyi, funksiyanı, dözümlülüyü yarada bilməz.
- Bir vaxtlar qızıl, metal dişlər qoydurmaq modda idi. Amma sonra insanlar başa düşdülər ki, qızıldan və başqa metaldan olan dişlər insan orqanizminə böyük ziyan vurur. Bu, düzdürmü?
- Bəli əvvəllər hazırlanan metal qapaqlar daha çox idi, bu gündə deyim ki, azda olsa, var. Metal qapaqların ziyanına gəldikdə isə elə deyil, sadəcə ağız boşluğunda iki ayrı cür başqa metaldan qapaqların olmasını məsləhət görmürük. Bir həqiqəti də deyim ki, metal qapaqların üstün cəhəti diş toxumasının az yonulmasıdır.
- Siz, bir həkim kimi insanlarımıza dişlərini dəyişəndə nədən istifadə etməsini daha çox məsləhət bilirsiniz?
- Biz bir həkim olaraq hər bir pasiyentin ilk gəlişində ağız boşluğunu tam müayinə edirik: - selikli qişa, yumşaq və sərt damaq, dil, dodaq nahiyəsində patoloji bir ocağın olub-olmadığına diqqət yetiririk. Sonra dişləri tək-tək müayinə edirik. Əlavə müayinə metodlarından da istifadə edirik ki, həkimin görə bilmədiyi patoloji proseslər nəzərdən qaçmasın. Biz əsasən bir şeyə daha çox fikir vüririk. Bu da ondan ibarətdir ki, çalışırıq dişlərin çəkilməsinə tələsməyək. Onu da deyim ki, günü- gündən tibbin bütün sahələri kimi stomatologiya da sürətlə inkişaf edir.
Hal-hazırda pasiyenylərə əsasən keramika dişlər məsləhət görülür: -zrikon- keramika, press- keramika, metal-keramika və sairə. Amma pasiyentin müayinəsindən sonra yekun olaraq müəyyənləşdirmək olar ki, hansı dişlərdən istifadə olunacaq və bu dişlər onun gələcək sağlamlığına necə təsir göstərəcək. Biz də xəstələrə həmin dişləri məsləhət görürük.
- Ümumiyyətlə, dişləri qorumaq üçün insanlar ilk öncə nə etməlidirlər?
- Biz yuxarıda bu mövzuya təqribən toxunduq. Ümumi olaraq deyim ki kariyesin profilaktikası üçün tədbirlər kompleksi iki formada edilir. Birincisi ağız boşluğunda kariyesogen şəraitin aradan qaldırılmasına , ikinci isə diş toxumalarının rezistentliyinin yüksəldilməsinə yönəldilməlidir. Yəni insanlar gigiyena ilə bərabər hökmən nə yediklərinə də diqqət etməlidirlər. Dahi İbn Sina dyir ki, “ Az ye! Yedikdən sonra həzm oluncaya qədər heç nə yemə”. Amma biz bir millət olaraq, buna əməl edirikmi?.. Əlbəttə, yox.
Belə bir maraqlı və vacib deyim var: “ Bir uşağın dişlərinin sağlam olmasını istəyirsinizsə, onun anasının normal hamiləlik keçirməsinə kömək etməlisiniz, şərait yaratmalısınız, mənəvi və maddi olaraq keyfiyyətli qidalanma, normal psixi durum, gözəl əhval-ruhiyyə, stressiz həyat tərzi , təmiz hava bəxş etməlisiniz gələcək körpəyə. Yəni bütün bunların onun anasına böyük xeyir olduğunu bilməlisiniz”. Bunu da əsasən kişilər etməlidir. Onlar fikirləşməlidirlər ki, onun xanımı dünyaya sağlam uşaq gətirməlidir. Sağlam uşaq isə sağlam və bilikli vətəndaş deməkdir.
Bunu da unutmayaq ki, profilaktik tədbirlər diş mayasının əmələ gəldiyi və inkişaf etdiyi dövürdən başlayaraq insanın bütün həyatı boyu davam etməlidir.
Məlumat üçün onu da deyim ki, diş mayası embrion həyatının 6-8 həftəsində, ilk daimi dişin mayası isə embrionun 5-ci ayında qoyulur. Deməli, sağlam uşağın ilk rüşeyimləri ana bətnində qoyulur. Bunu bütün insanlar hökmən bilməlidirlər və buna riayət etməlidirlər.
- Dişlərin xəstəliyi insan orqanizminə hansı fəsadlar gətirir?
- Çürük, karieslə zədələnmiş dişlər insanın birinci psixi durumuna təsir edir, insanlar dişlərinin görünüşündən narahat olur, yaşlarından daha yaşlı görünürlər. Ağız qoxusunun kəskinləşməsi də sosial həyatda insanların özgüvənini azaldır. Bununla bərabər yaxşı qidalana bilməmək mədə-bağırsaq traktında xəstəliklərə səbəb olur. Karies ocağında olan mikrob ürəyin miokardını zədələyə bilir. Ümumiyyətlə, hər bir insan bilməlidir ki, dişlərdə olan mikroblar, insanın bütün orqanlarına təsir edir. Amma ən əsası bunu demək istəyirəm ki, orqanizminizi qorumaq istəyirsinizsə ilk öncə dişlərinizi qoruyun. Çünki dişlər insanın xarici gözəlliyinin ilk elementlərindəndir. Təsəvvür edin. Qarşınızda gözəl simalı bir insan dayanıb. O, ağzını açıb söz demək istədikdə onun dişlərinin sağlam olmaması sizdə hansı təəssürat yaradır? “Dişsiz ağız - daşsız dəyirman”,- deyib atalarımız.
- Belə deyirlər ki, bizim məmləkətdə olan sularda dişlərlə bağlı ziyanlı maddələr çoxdur. Bu, doğrudurmu? Və əgər belədirsə biz, nə etməliyik və həmin suları necə içməliyik ki, dişlərimizə ziyan olmasın?
- İçməli suyun tərkibində flüor elementi az, norma, çox ola bilər. Suyun bir litirində, bir milliqram flüor olması optimal miqdardır. Diş minasının yetişməsi və kariesə qarşı davamlı strukturaların yaranmasında flüor xüsusi rol oynayır. Əgər suyun tərkibində flüor azdırsa, içməli su flüolaşdırılır. Əgər bu mümkün deyilsə, onda uşaqlara hər gün flüor həbləri verilməlidir. Həblərin qəbulu məktəblərdə verilməlidir ki, nəzarət edilə bilinsin. Çünki əgər bunlara nəzarət olmasa, uşaqlar bunu özləri etməyəcəklər. Sonra da uşaqlarımızın dişləri xəstələnəndə deyəcəyik ki, “bunu niyə vaxtında etmədik”. Atalarımızın da belə bir maraqlı məsəli var: “Vaxtında atılmayan daş, başa yox, ayağa dəyər”.
- Siz çox vətənpərvər ziyalısınız. Bunu sizinlə etdiyimiz söhbətlərdə də çox aydın görürəm. Həm də siz Azərbaycanın ən dilbər guşlərindən biri olan və təxminən otuz il düşmən əsarətində qalan Laçın rayonundansınız. Həmin yerlər azad olunandan sonra hansı hisslər keçirtdiniz və Ali Baş Komandanımız başda olmaqla Qarabağda, Qərbi Zəngəzurda olan qələbələrimiz haqqında nə deyə bilərsiniz? Və həm də orada gedən quruculuq haqqında hansı fikirləriniz var?
- Deyim ki, Azərbaycanlı olmağımla hər zaman qürur duymuşam. Laçın isə mənim üçün həmişə müqəddəs olub. Hələ orta məktəbdə oxuyan zaman uşaqlar iri şəhərlərdə təhsil alacaqlarını xəyal edirdilər. Mən isə, “kaş Laçında Azərbayacn Tibb Universitetinin filialı açılardı, elə burda oxuyardım”,- deyirdim.
Bəli, Vətənimizə göz tikən düşmən el-obamızı işğal etdi, min bir əziyyətlə tikilən evlərimizə od vuruldu, uşaqlar, qadınlar, qocalar, igid oğullar, şəhid oldu, əsir düşdü... İnsanlar əsir düşməmək üçün ayaqyalın öz yurd-yuvasını tərk etdilər, 12 minə yaxın şəhid, 4 min itkin, 1 milyondan çox qaçqın, ölkənin 20 % torpaqlarının itirilməsi.... Hamısı böyük dəhşətli faciədir. Günlərlə bu dəhşətli tarixdən danışmaq olar. Mən həssas adamam və bu dəhşətləri heç vaxt unuda bilmirəm. Belə bir deyim var: “ Müharibələri yaşlı nəsil başlayır, gənc nəsil qurban olur!” Bax, bizimlə müharibəni erməni ekstremistləri, qatilləri, başıboş başbilənləri, daşnakları başladı. Bizim həm yaşlı nəslimiz, həm cavanlarımız və həm də uşaqlarımız bu müharibədən çox böyük əziyyət çəkdilər. Amma zaman gəldi biz Qarabağda qələbə çaldıq. Bu dəfə isə işğalçı erməni ordusu, faşist xislətli qatillər Qarabağdan qovuldular. Çoxlu ekstremistlər, qatillər, cəlladlar da məhv oldular. Deməli, onlar Qarabağdan getməklə daha çox şey itirdilər. Əgər onlar 1987-88-ci illərdə müharibəni başlamasaydılar indi də orada yaşayacaqdılar. Bizim hökumət onlara hər cürə şərait yaratmışdı... Onlar bundan çox peşiman olsalar da artıq gecdir. Mən inanmıram ki, biz, bundan sonra ermənilərə inanaq. Dünyanın tanınmış insanları, dahiləri ermənilərin kim olduğunu, necə murdar millət olduqlarını tarixlər boyu yazıblar. Amma biz inanmamışıq. Onlara yazıq kimi baxmışıq... Torpağımızda yer vermişik. Hətta uşaqlarımıza onları kirvə kimi tutmuşuq. İndi artıq biz də onların iyrənc sifətini, faşist xislətli olduğunu gördük. İndi bundan sonra bilməliyik ki, bu cəlladlar, faşistlər heç vaxt bizə dost ola bilməzlər.
Bircə arzum var ki, Allah heç kəsə bir də qaçqınlıq həyatı yaşatmasın, torpaqlarımız bir daha müharibə meydanına çevrilməsin.
2020-ci il sentyabrın 27-də Suqovuşanın və Füzuli rayonunun kəndlərinin azad edilməsini eşidəndə otuz iki ildə ilk dəfə bu qədər qürur hissi keçirməmişdim. Təsəvvür edirsiniz, göz yaşlarına bürünmüş sevinc necə olur? Şəhid qanına boyanmış Azərbaycan bayrağı əsir torpaqlarımızda dalğalandıqca, nə qədər fəxr etsək də oğul itirmiş anaların, atasız körpələrin, üzlərində kədər məskən salmış gəlinlərin qarşısında bir millət kimi çox borcluyuq!
Zatən bütün qələbələr mərd oğullarımızın həyatı bahasına başa gəlib. Azad olunmuş Vətən torpaqlarına iki dəfə getmişəm. İnanın adam torpağa ayaq basmaq istəmir. Axı o torpaqlar üç min fədaillərin qanı ilə sulanıb. Eləcə də birinci Qarabağ müharibəsində görün nə qədər şəhidlər vermişik...
Əzəmətli Şuşaya qalxdıqca göz yaşlarımı saxlaya bilmirdim, sıldırım qayalarla şəhid silahdaşlarını daşıyan oğullar gözümün qarşısında canlanırdı. İsa bulağından axan su, sanki mənə şəhidlərimizin tökülən müqəddəs qanı kimi görünürdü.
Və nəhayət öz doğma kəndimizə-evimizə getdik. Otuz iki il əsir qalan evimiz, sevimli məktəbimiz uçuq divarları ilə bizi qarşıladı. Heç nəyi unutmamışdım, hər bir cığırı, yolu necə əziz idi mənə kəndimizin... ( O, kövrəlir və bir az susur, sonra sözünə davam eləyir.)
Həmin gün Vətən sevgisinin necə əziz olduğunu bir daha hiss elədim. Orada böyük sərkərdəniz, şairimiz Şah İsmayılın bu kəlamı yadıma düşdü: “ Vətən, iman əsəridir”. Bəli. Bu, həqiqətən də belədir. Qoy bu müqəddəs sözləri bütün azərbaycanlılar yaddaşlarında saxlasınlar.
Mən Ali Baş Komandan, Prezident cənab İlham Əliyev ilə birlikdə şəhid ailələrinin, qazilərin, veteranların, şəhidlərin ruhu qarşısında minnətdarlıqla baş əyirəm. Hər bir azərbaycanlı da ömürlük onlara borcludur.
İnşallah ucsuz, bucaqsız viran qalmış vətən torpaqları Prezidentimizin göstərişi ilə tezliklə xalqımız tərəfindən abadlaşdırılacaq, məcburi köçkünlər tezliklə, uzun həsrətdən sonra öz yurd – yuvalarına qovuşacaqlar. Artıq Qarabağın hər yerinə və Laçına da böyük bir köç başlayıb. Mənim də öz el - obamda gözəl Laçınımızda işləmək arzum tezliklə həyata keçər, İnşallah!
- Siz, uzun illərdir ki, tibb sahəsində işləyirsiniz. Azərbaycan tibb sahəsi haqqında nə deyə bilərsiniz?
- Azərbaycanda Tibb sahəsində bir çox yeniliklər var. Xəstələrin müalicəsində, əməliyyatlarında əhaliyə pulsuz xidmətlər göstərilir, xəstəxanalar təmir edilir, müasir aparatlarla təhciz olunur. Bu, çox böyük təqdirəlayiqdir.
Təbii ki, vaxt lazımdır bütün çatışmamazlıqlar aradan qaldırılsın.
Mən stomatoloq olduğum üçün həm də imtiyazlı xəstələrlə daha çox işlədiyimə görə, bu xalqın bir nümayəndəsi kimi, bir həkim kimi çox istərdim ki, stomatolagiya da sığorta paketinə daxil edilsin. Ən azından müalicə, diş çəkimləri sığorta ilə qarşılansın. Bu, çox yaxşı olar və xəstələrin, həkimlərin də ürəyincə olardı. Dahi İbn Sinanın belə bir kəlamı var: “Cahil bir həkim, ölüm düşərgəsinin köməkçisidir”. Çox şükür ki, bu gün Azərbaycan səhiyyəsində savadlı həkimlər həddindən artıq çoxdur. Əgər həkim müalicə etdiyi xəstəni öz doğması bilməsə, o, həkim deyil.
- Əlavə hansı fikirləriniz var? Xalqımıza tibblə bağlı hansı məsləhətlər vermək istərdiniz?
- Son söz olaraq demək istərdim ki, bir xəstəliyin profilaktikası, həmin xəstəliyin müalicəsindən dəfələrlə asandır. Ona görə də həmvətənlərimiz tez-tez həkimlərə müracət edib, müayinədən keçsinlər. Həmin vaxtı onların xəstəlikləri, orqanizmində olduğu fəsadlar tez tapılar və tez də müalicə olunarlar. Mən xalqımıza biz həkimlərin qəbuluna ancaq profilaktik baxış üçün gəlməsini arzu edirəm.
Hörmətli Ağalar müəllim, sizə də təşəkkür edirəm. Sizə və sizin kimi ziyalılarımıza bu xalqın, bu dövlətin hər zaman ehtiyacı var. Ziyalı xalqın görən gözü, düşünən beyini və danışan dili olmalıdır. Bu gün belə ziyalılarımız nə qədər çox olsa daha yaxşı olar. Onlar, mayak, işıq olmaqla bütün neqativ halların qarşısını ala bilərlər.
Həmyerlimiz Əbu Turxanın ziyalı ilə bağlı belə bir maraqlı aforizmləri var. Və fikrimi həmin aforizmlərlə tamamlamaq istəyirəm: “Ziyalı öz zəmanəsindən yüksəkdə durmalıdır. Ziyalısız kütlə kordur”.
Ağalar İDRİSOĞLU,
yazıçı-rejissor, Əməkdar incəsənət xadimi