Vətən müharibəsində şəhid olan qəhrəmanların övladlarının Qarabağ Zəfərinin 5-ci ildönümü münasibətilə Türkiyənin İstanbul şəhərinə təşkil olunan səfəri yekunlaşıb.
Herbiand.az xəbər verir ki, Azərbaycan və Türkiyə arasında sarsılmaz dostluq, qardaşlıq və strateji əməkdaşlıq münasibətlərinin daha da gücləndirilməsinə xidmət edən layihə çərçivəsində İstanbul valisi Davut Gül şəhid övladları ilə görüşüb. Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsinin sədrinin müavini Valeh Hacıyevin iştirakı ilə keçirilən görüşdə iki ölkə arasındakı tarixi qardaşlıq münasibətlərinin daha da inkişaf etdirməsinin vacibliyi vurğulanıb. Görüşdə iştirakçılara hədiyyələr təqdim olunub
Qeyd edək ki, proqram çərçivəsində iştirakçılar İstanbulun tarixi və mədəni irsini əks etdirən məkanları, muzeyləri və abidələri də ziyarət ediblər. Həmçinin onlar Azərbaycan və Türkiyə gəncləri arasında mədəniyyətlərarası dialoqun və dostluğun möhkəmlənməsini nəzərdə tutan görüşlərə qatılıblar.
Xatırladaq ki, səfərin təşkili ilə bağlı layihə Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi, “YAŞAT” Fondunun, İstanbul şəhərinin Qaziosmanpaşa İcra Hakimiyyətinin və Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF) tərəfdaşlığı ilə həyata keçirilib.
Səfərin əsas məqsədi Azərbaycanın və Türkiyənin şəhid övladları arasında qarşılıqlı dostluq əlaqələrinin möhkəmləndirilməsi, onların sosial inteqrasiyasına və mənəvi inkişafına dəstək göstərilməsi, eyni zamanda, iki qardaş ölkə arasında ortaq tarixi, eləcə də milli-mənəvi dəyərlərin təbliği və qorunmasıdır.
Layihə Vətən uğrunda canından keçmiş qəhrəmanlarımızın ailə üzvlərinə göstərilən mənəvi, sosial və ictimai qayğının daha bir bariz nümunəsidir. Layihə, həmçinin Azərbaycan-Türkiyə münasibətlərinin “Bir millət, iki dövlət” prinsipi əsasında daha da möhkəmlənməsinə, gələcək nəsillərdə vətənpərvərlik və qardaşlıq hisslərinin gücləndirilməsinə xidmət edir.