Advertisment

Zamanın qan yaddaşı, millətin ləyaqət andı...

20 Yanvar – təqvim içində, daha doğrusu, təqvim üstündə bir tarix! Hər gün tarix olmur, hər tarix bir günə sığıb yaşamır. 20 Yanvar – zamanın içində donmuş bir fəryad, xalqın sinəsinə çəkilmiş qanlı xəttdir. Bu xətt çəkildiyi günlərdən başlayaraq, bizi həm keçmişə bağlayır, həm də gələcəyə götürürdü. İllər keçir, amma 1990-cı ilin o gecəsi – Bakının üstünü qaplayan qaranlıq, “avtomat” rejiminə qoyulmuş silahların güllə səsləri, tank tırtıllarının gecəni yarıb keçməsi – yaddaşdan silinmir, silinmir! Əlbəttə, silinməməlidir!

 

Biz çoxdan 20 Yanvarı yalnız faciə kimi qəbul etmir, milli oyanışın ləyaqət mərhələsi kimi tanıyırıq. Özünü, sözünü və gözünün gördüyünü tanıyan xalq tarixini, tarixləşən gününü tanıyacaq, əlbəttə, tanıyacaq. Bu baxış indi də dəyişmir; əksinə, Zəfərdən sonra daha aydın görünür: 20 Yanvar – müstəqilliyin bərpasına aparan yolun ən ağır, ən qanlı pilləsidir.

 

Haşiyə:

Bu qanlı yaddaş bütövlükdə keçmiş imperiya məkanının vicdanını silkələdi. – Yəni o günün doğurduğu sonuclar Azərbaycanda qalmadı; 20 Yanvar şəhidlərinin SSRİ-dən ayrılan bütün respublikaların müstəqilliyində, necə deyərlər, qan haqqı vardır. Qazaxıstandakı Jeltoksan hadisələrində (Желтоқсан көтерілісі; 16-19.12.1986; Almatı) şəhid olan qazax qardaşlarımız da, Gürcüstanda “qanlı bazar”da (აპრილის ტრაგედია; 09.04.1989, Tiflis) həlak olan gürcü qonşularımız da eyni haqqa sahibdir. Bununla belə, Sovet hərbi-siyasi rəhbərliyinin qəddarlığı, hadisənin miqyası, meydana çıxma səbəbi, və doğurduğu sonuclar baxımından 20 Yanvar SSRİ-nin bilavasitə əcəl zəngi, yaşama haqqını itirdiyinin təsdiqi oldu. 1990-cı ildə belə bir şanlı tarix Bakıda yazılmışdı, 2020-ci ildə 44 günlük savaşda qazanılmış Zəfərlə bu dəfə Türk dünyasının birliyinin qaçınılmazlığı öz təsdiqini tapmış oldu. Şuşaya, ondan 3 il sonra Xankəndinə, Xocalıya sancılan bayrağımız Turan ellərinə salam söylədi. Mühacir şairimiz Almas Yıldırım bir zamanlar, qardaş Türkiyədən üzü bəri necə də təsirli səslənmişdi:

 

“…Salam desəm, rüzgar alıb götürsə,

Ağrı dağdan Alagözə ötürsə,

Gur səsimi göy Xəzərə yetirsə,

Xəzər coşub zəncirini qırsa, oy!..

Hökm etsə, bu sərsəm gediş

dursa, oy!..

 

Xəbər alsam Muğanımdan,

Milimdən,

Nazlı Bakım, o neft qoxan

gülümdən,

Kim demiş ki, düşmüş adı

dilimdən,

Azərbaycan, mənim eşsiz

yurdum, oy!..

Ölməz eşqim,

içimdəki dərdim, oy”!..

 

Bəli, Anadoludan Qafqaza yetən salamlar Xəzəri də ötüb Türküstana yetişdiyi kimi, Şuşa, Xankəndi, Xocalıdan qanadlanan qutsal bayraqlı salam-sayğılarımız da Turana yetişdi. Bizim Zəfərin birinci ildönümü günlərində Türk Şurasının Türk Dövlətləri Təşkilatına çevrilməsi, ondan öncə Azərbaycan ilə Türkiyə arasında “Şuşa Bəyannaməsi”nin, ondan da öncə Azərbaycan ilə Türkmənistan arasında, keçmiş “Kəpəz”/“Sərdar” yatağının “Dostluq” adlandırılaraq birgə istismara açılması haqqında Saziş imzalanması, qardaşlar arasındakı digər qutlu imzalar təsadüf deyildi, təvafüqdü, təvafüqlük idi.

(Haşiyənin sonu

Bəli, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet imperiyasının Bakıya yeritdiyi ordu, qadın–uşaq–qoca demədən dinc əhaliyə atəş açaraq, xalqın iradəsini sındırmaq, azadlıq istəyini boğmaq istəyirdi. Ancaq tarix güllələrin milli iradəmizi öldürə bilmədiyini bir daha göstərdi.

Bu hadisələrdən sonra imperiya Azərbaycanda mənəvi-siyasi dayaqlarını itirdi. Xalqın qorxusu yox oldu; qorxunun yerini qəzəb, qəzəbin yerini isə milli şüur aldı.

20 Yanvardan dərhal sonra Moskvada açıq mövqe sərgiləyən Ümummilli lider Heydər Əliyev xalqın səsinə, təsəllisinə, ümidinə çevrildi. Onun yanvarın 21-də verdiyi bəyanat təkcə siyasi etiraz deyildi, əlbəttə; əlbəttə, bu, milli vicdanın yüksək ifadəsiydi. Təsadüfi deyil, həmin mövqe sonradan 20 Yanvara dövlət səviyyəsində siyasi-hüquqi qiymətin verilməsinin ideoloji əsasını yaratdı.

1994-cü ildə Milli Məclisin qərarı ilə 20 Yanvar hadisələri Azərbaycan xalqına qarşı törədilmiş hərbi təcavüz və cinayət kimi tanındı. Bu qərar faciəni tarixdən silmək istəyənlərə verilmiş qəti cavab idi.

20 Yanvar şəhidlik və müqavimət məktəbinin davamı 2020-ci ildə Qarabağda, 2023-cü ildə suverenliyin tam bərpasında göründü, öz yüksək dərəcəsinə çatdı. Müzəffər Ali Baş Komandan ata vəsiyyətini yerinə yetirmək haqqında duyğulu sözlərini, Şuşanın azadlığı müjdəsini məhz Şəhidlər Xiyabanından xalqa müraciətlə duyurdu.

Şəhidlər Xiyabanında yanan Əbədi Məşəl gələcək nəsillərə verilmiş and-ismarıcdır. Dövlətin bu yaddaşa göstərdiyi diqqət, Prezident İlham Əliyev tərəfindən şəhid ailələrinə və 20 Yanvar əlillərinə yönəlmiş sosial siyasət – tarixi yaddaşın canlı saxlanmasının praktik ifadəsidir.

O soyuq, o qanlı gecədə şəhadət şərbəti içənlər bu gün qalib dövlətin mənəvi sütunlarını yaratmış oldular. Azadlığın verilmədiyini, qazanıldığını, bu qazancın bədəli ağır olsa belə, millətin ləyaqətinin uca tutulması məsuliyyətini də 20 Yanvarın bizə öyrətdikləri içində görürük.

20 Yanvar – Ümumxalq Hüzn Günüdür; bu hüznün içində sarsılmaz bir qürur var! O qürur gələcəyin vicdanına səslənir: biz sınmadıq, boyun əymədik, azad olduq! Şair demiş, “Azadlıqdır sənə məlhəm, mənə dərman, Azərbaycan”!

Şəhidlər ölmədi, Vətən bölünmədi!

DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!

Əkbər QOŞALI