Azad yaşamağa, azadlıq uğrunda hər gün, hər saat ölümə getməyə yalnız ləyaqətli xalqlar qadirdir. Yetmiş il müstəqillik arzusunu qəlbinin ən dərin guşələrində gizlədərək yaşadan, azadlığa çıxmaq üçün tarixi fürsət yaranan kimi ayağa qalxan Azərbaycan xalqı bu həqiqəti 1990-cı il yanvarın 20-nə keçən gecə öz qanı və əməli ilə bütün dünyaya sübut etdi.
Həmin müdhiş gecədə zirehli texnika ilə silahlanmış, avtomat və pulemyotlarla təchiz olunmuş sovet ordusunun bölmələri ilə əliyalın, dinc paytaxt sakinləri üz-üzə dayanmışdı. Heç kim geri çəkilmək istəmirdi. Nə imperiya təkəbbürünü qoruyub saxlamağa, “super dövlət” mifini yaşatmağa çalışan, tərkibi əsasən ermənilərdən ibarət cəza dəstələri, nə də azadlıq arzusu ilə küçə və meydanlara axışan günahsız insanlar. Gözlərini qan örtmüş, beyni dumanlanmış əsgərlər qarşılarına çıxan hər kəsə fərq qoymadan atəş açır, evlərin pəncərələrini, avtobus və minik avtomobillərini, hətta yaralıları xəstəxanalara çatdırmağa çalışan təcili tibbi yardım maşınlarını və həkimləri belə gülləbaran edirdilər. Bakının küçələrində cövlan edən tanklar və zirehli texnikalar qarşılarına çıxan nəqliyyat vasitələrini əzib keçirdi. Azadlığa can atan bir xalqa qarşı bu qədər kin və qəddarlığın haradan qaynaqlandığını anlamaq çətin idi. İmperiya ordusu sanki Bakını yerlə-yeksan etməyə, bir nəfər belə canlı insan saxlamamağa qərar vermişdi.
Bəzən adama elə gəlir ki, bu dəhşətli hadisələr dünən, srağa gün baş verib. Qulaqlarda hələ də güllələrin vıyıltısı, tankların və mərmilərin uğultusu səslənir. O anları xatırladıqca, insanları vahiməyə salan həmin gecəni düşündükcə qanlı faciənin səbəbkarlarına bir daha lənətlər yağdırırıq.
Hələ ötən əsrin 80-ci illərindən başlayan azadlıq hərəkatının 1990-cı ildə daha geniş vüsət almasından qorxuya düşən imperiya rəhbərliyi həm Azərbaycana, həm də digər ittifaq respublikalarına “dərs vermək” niyyətinə düşmüşdü. Heç kəs inanmazdı ki, sovet ordusu öz vətəndaşlarına silah qaldırar. Lakin bu baş verdi. Yanvarın 20-si sovet ordusunun tarixə qanlı hərflərlə yazılan vəhşiliyinin şahidinə çevrildi. Şəhərə daxil olan tanklar insanları əzib keçdi, yaşayış binaları, avtobuslar, təcili yardım maşınları atəşə tutuldu. O qanlı gecədə yüzlərlə günahsız insan qətlə yetirildi. Xalq öz azadlıq şəhidlərini çiyinlərdə son mənzilə yola saldı, küçələr və Şəhidlər xiyabanı qırmızı qərənfillərə büründü.
Əslində, 20 Yanvar faciəsi zülmə və haqsızlığa qarşı ayağa qalxan bir xalqın hayqırtısı idi. Keçmiş ittifaq rəhbərliyi isə azadlığa, müstəqilliyə can atan xalqın haqq səsini boğmağa çalışırdı. Silahlanmış ordu hissələrini paytaxtımıza yeridən imperiya başçıları xalqımızın azadlıqsevər övladlarını qətlə yetirsələr də, məqsədlərinə çata bilmədilər. Əksinə, bu qanlı hadisələr Azərbaycan xalqının müstəqilliyə qovuşmasını daha da sürətləndirdi.
Bu qırğın imperiyanın gözlədiyi nəticəni vermədi. Xalqı qorxudub geri çəkindirmək planları puça çıxdı. Tökülən şəhid qanları insanları daha da birləşdirdi. Müqəddəs ideya naminə milli birlik və həmrəylik nümayiş etdirən Azərbaycan xalqı nəhayət ki, öz məqsədinə çatdı – dövlət müstəqilliyimiz yenidən bərpa olundu.
Ulu öndər Heydər Əliyev 20 Yanvar hadisələrinə qiymət verərkən demişdir: “Xalqımız o günü heç vaxt unutmayacaqdır. Çünki bu, ayrı-ayrı insanlara edilən qəsd deyil, bütün Azərbaycan xalqına, Azərbaycan millətinə, Azərbaycan dövlətinə qarşı yönəlmiş hərbi təcavüz idi və xalqımıza qarşı törədilmiş soyqırımı idi. Bu təcavüz nəticəsində həlak olanlar xalq qəhrəmanlarıdır, millətimizin qəhrəmanlarıdır”.
Doğrudur, Azərbaycan xalqı qanı və canı bahasına azadlığını qorudu, mübarizəsini sonadək davam etdirdi. Bu dəhşətli faciədən ölkəmizin dörd bir yanında müqəddəs məkanlar – Şəhidlər xiyabanları yadigar qaldı. İmperiya düşüncəsindən əl çəkməyən qüvvələr isə sonradan xalqdan qisas almaq üçün Qarabağı hədəf seçdilər. Erməni millətçilərini silahlandırıb üzərimizə qısqırdan havadarlar torpaqlarımızın 20 faizinin işğalına nail oldular. 1990-cı illərin əvvəlləri Azərbaycan xalqı üçün ən ağır və mürəkkəb dövrlərdən biri oldu.
Nəhayət, Ermənistanın başlatdığı 30 illik işğala 2020-ci il sentyabrın 27-dən son qoyulmağa başlandı və 2023-cü ilin sentyabrında ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam təmin edildi. Yetmiş illik imperiya əsarətindən qurtulan Azərbaycan xalqı erməni işğalı altında qalmış torpaqlarını da azad etməyə qadir olduğunu düşmənə və onun havadarlarına nümayiş etdirdi. Bu xalqın qırılmaz iradəyə sahib olduğunu dost da, düşmən də gördü.
Bu səbəbdən xalqımız 20 Yanvar gününü təkcə hüzn yox, həm də qəhrəmanlıq günü kimi qeyd edir. Doğrudan da, həmin tarixdə küçələr və meydanlar günahsız insanların qanına boyansa da, oğul və qızlarımız sovet ordusunun qəddarlığı ilə üz-üzə dayansa da, xalq qorxub geri çəkilmədi. Əksinə, öz azadlığı uğrunda mübarizə əzmini bütün dünyaya nümayiş etdirdi.
Azərbaycan xalqı hər il 20 Yanvar günü öz qəhrəman övladlarının xatirəsini dərin ehtiramla yad edir. İllər bir-birini əvəz edəcək, nəsillər dəyişəcək, lakin Vətən uğrunda canından keçənlərin xatirəsi ürəklərdə əbədi yaşayacaq. Çünki 20 Yanvar gecəsində azadlığımız uğrunda şəhid olanlar igidlikləri ilə adlarını Azərbaycan tarixinə qızıl hərflərlə yazdırdılar.
20 Yanvar şəhidləri 36 il əvvəl axıtdıqları qızıl qanları ilə azadlıq arzularının gerçəkliyini sübut etdilər, bu gün onları ziyarət edən davamçılarına örnək oldular. Vətən torpaqlarının azadlığı uğrunda döyüşlərdə həlak olan şəhidlərimiz isə bu yolun dönməz olduğunu bir daha təsdiqlədilər. Şəhidlərimizin qanı yerdə qalmadı. Azərbaycan əsgəri azadlıq və müstəqillik yolu ilə sona qədər irəlilədi, düşməni torpaqlarımızdan qovdu və müqəddəs arzusuna qovuşdu.
Bu məqamda böyük tatar şairi Musa Cəlilinin sözləri yada düşür: “Mən ölümdən qorxmuram. Bu, boş söz deyil, həqiqətdir. Əgər mən sağlığımda faydalı bir iş görmüşəmsə, bu haqqı qazanmışamsa, niyə ölümdən qorxum? Həyatın əsl mənası budur. Elə yaşa ki, öləndən sonra ölməyəsən. Əgər Vətən üçün ölmək lazımdırsa, qoy belə şərəfli ölüm mənim nəsibim olsun”.
Allah şəhidlərimizə rəhmət eləsin!
Bəxtiyar ƏLİYEV
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Naxçıvan Şəhid Ailələri"İctimai Birliyinin mətbuat katibi