Phuketdən (Tailand) Barnaula uçan Rusiyanın Azur Air aviaşirkətinə məxsus Boeing 757 təyyarəsi Çində təcili eniş edib. Hadisə baş verən zaman təyyarədə 238 sərnişin olub.
Herbiand.az bu barədə “The Moscow Times” nəşrinə istinadən xəbər verir.
Təcili enişi tələb edən nasazlıq barədə konkret heç bir məlumat yoxdur. Bu, bir gün ərzində uçuş zamanı nasazlıqla üzləşən üçüncü Rusiya təyyarəsidir.
Yanvarın 23-ü səhər Kalininqraddan Moskvaya uçan Boeing 737 təyyarəsi şassidə yaranan problemə görə “Şeremetyevo” hava limanına təcili eniş edib. Sərnişinlərdən heç kim xəsarət almayıb.
Yanvarın 23-nə keçən gecə isə Novosibirskdən uçan “Yakutiya” Hava Yollarına məxsus Boeing 737-800 təyyarəsi Krasnoyarsk hava limanına təcili eniş edib. Salonda təzyiqin azalmağa başladığı üçün təyyarə təcili eniş istəyib.
Bəxtiyar CƏFƏRLİ