Advertisment

Kəngərlidə şəhid leytenant Elməddin Qəhrəmanovun əziz xatirəsi ehtiramla yad edilib

Vətən müharibəsi Azərbaycan xalqının qəhrəmanlıq salnaməsinə qızıl hərflərlə yazılmış şanlı tarixdir. Bu müqəddəs savaşda torpaqlarımızın azadlığı və dövlətimizin suverenliyi uğrunda canından keçən igid oğullarımız xalqımızın əbədi qürur mənbəyinə çevrilib. Belə qəhrəmanlardan biri də Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan leytenant Elməddin Niyaməddin oğlu Qəhrəmanovdur.

Yanvarın 26-da şəhid leytenant Elməddin Qəhrəmanovun doğum günü münasibətilə Kəngərli rayonunda anım tədbiri keçirilib. Kəngərli rayon Mədəniyyət evində təşkil olunan tədbirdə Kəngərli Rayon İcra Hakimiyyətinin başçısı, müavinləri, aparat əməkdaşları, güc strukturlarının nümayəndələri, rayonun idarə və təşkilatlarının əməkdaşları, ictimaiyyət nümayəndələri, şəhid ailələri, Vətən müharibəsi iştirakçıları iştirak ediblər.

Əvvəlcə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə çıxış edən Kəngərli Rayon İcra Hakimiyyətinin başçısı Kamal Ələkbərov şəhidin ailəsinə dərin hörmət və ehtiramını ifadə edərək bildirib ki, Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində misilsiz qəhrəmanlıq nümayiş etdirərək torpaqlarımızı işğaldan azad edib. Qeyd olunub ki, bu tarixi Qələbə şəhidlərimizin canı, qazilərimizin fədakarlığı və xalqımızın sarsılmaz birliyi hesabına qazanılıb.

Natiq şəhid Elməddin Qəhrəmanovun həyat və döyüş yolundan bəhs edərək onun döyüş meydanında göstərdiyi igidliyi xüsusi vurğulayıb. Bildirilib ki, şəhidimiz yüksək vətənpərvərlik ruhu, qətiyyəti və mübarizliyi ilə silahdaşlarına örnək olub, son nəfəsinə qədər Vətənə sədaqət nümunəsi göstərib.

Tədbirdə çıxış edən şəhid anaları və ataları, qazilər, Əlahiddə Ümumqoşun Ordusunun zabitləri şəhidlərin qəhrəmanlığının gələcək nəsillər üçün əsl vətənpərvərlik məktəbi olduğunu bildiriblər. Qeyd edilib ki, bu cür tədbirlər şəhidlərimizin əziz xatirəsinin yaşadılması, gənc nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyə olunması baxımından mühüm əhəmiyyət daşıyır. Elməddin kimi igidlər Vətənimizin müqəddəsliyini qoruyan mənəvi dayaq, xalqımızın qürur ünvanıdır.

Tədbir çərçivəsində şagirdlər şəhidlərimizin xatirəsinə həsr olunmuş şeirləri bədii qiraət edib, leytenant Elməddin Qəhrəmanovun həyat və döyüş yolunu əks etdirən videoçarx nümayiş etdirilib.

Sonda şəhidin atası Qəhrəmanov Niyaməddin çıxış edərək ölkəmizdə şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Ali Baş Komandan İlham Əliyevə, dövlət qurumlarına və tədbir iştirakçılarına minnətdarlığını bildirib. Tədbir xatirə fotolarının çəkdirilməsi ilə başa çatıb.

Qeyd edək ki, leytenant Elməddin Qəhrəmanov 2020-ci il oktyabrın 6-da Ağdam rayonu istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə o, 3-cü dərəcəli “Rəşadət” ordeni, “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Şuşanın azad olunmasına görə”, “Ağdamın azad olunmasına görə” medalları ilə təltif olunub.

Bəxtiyar ƏLİYEV

“Naxçıvan Şəhid Ailələri” İctimai Birliyinin mətbuat katibi

“Azərbaycan Jurnalistlər Birliyi”nin üzvü