Advertisment

BEA: Dünya enerji xəritəsi yenidən formalaşdırıla bilər

Yaxın Şərqdə artan gərginlik qlobal enerji bazarlarında təkcə müvəqqəti dalğalanmaya deyil, həm də struktur xarakterli dönüş nöqtəsinə səbəb ola bilər. Dünya enerji xəritəsi yenidən formalaşdırıla bilər.

 

Bu barədə Türkiyənin “Dünya” qazeti Beynəlxalq Enerji Agentliyinin (BEA) rəhbəri Fatih Birola istinadən xəbər verir.

 

Onun sözlərinə görə, Yaxın Şərqdə müharibə başlayandan sonra bazarlarda sabitliyi qorumaq üçün operativ addımlar atılıb:

 

“Müharibə başlayandan 15 gün sonra 400 milyon barel neft ehtiyatının istifadəyə verildiyini elan etdim. Bu, bütün dünya üçün bir növ sığortadır. Daha çətin vəziyyətlərlə üzləşsək, bu ehtiyatlardan istifadəyə davam edə bilərik”.

 

BEA-nın rəhbəri Hörmüz boğazındakı geosiyasi risklərin uzunmüddətli təsir göstərəcəyini vurğulayıb. Onun sözlərinə görə, bölgədə fiziki maneələr aradan qalxsa belə, sistemin əvvəlki fəaliyyətinə qayıtması vaxt tələb edəcək.

 

“Sabah Hörmüz boğazı açılsa belə, müharibədən əvvəlki dövrə qayıtmaq üçün ciddi zaman, bərpa prosesi və böyük həcmdə kapital tələb olunacaq. Qiymətləndirmələrimizə görə, bu proses ən azı iki il davam edəcək. Enerji idxal edən ölkələr üçün olduqca çətin dövr olacaq. Bazarları dərhal normallaşdıracaq sehrli çubuq yoxdur”, - Fahit Birol qeyd edib.

 

O vurğulayıb ki, Hörmüz boğazı artıq əvvəlki etibarlılığını itirib. Bu böhran dünya enerji xəritəsinin yenidən tərtib olunmasına səbəb ola bilər.

 

“Dünya iqtisadiyyatının yalnız bir boğazdan həyati şəkildə asılı olduğu dövr artıq tarixə qovuşur. Sabah hər şey qaydasına düşsə belə, bazarlarda yüksək qiymətlər və volatillik uzun müddət davam edəcək”, - Fateh Birol bildirib.