Advertisment

Onun adı yalnız bir şəxsiyyət kimi deyil, bir simvol kimi yaşayır

 

BU SİMVOL İSƏ VƏTƏNƏ SƏDAQƏTİN,
TORPAĞA BAĞLILIĞIN VƏ MİLLİ QÜRURUN TƏCƏSSÜMÜDÜR

 

Şəhid Əliyev Vüqar Mirələm oğlu Azərbaycan xalqının qəhrəmanlıq salnaməsində öz adı ilə əbədi yaşayan igidlərdən biri olub. Onun həyatı, vətənə bağlılığı və fədakarlığı bugünkü gənclər üçün həm örnək, həm də böyük bir məsuliyyət nümunəsidir. Vüqar kimi oğulların sayəsində Azərbaycan torpaqları qorunur, milli ruh və vətən sevgisi nəsildən-nəslə ötürülür.

Vüqar Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən mərd oğullardan biri kimi yadda qalıb. O, kiçik yaşlarından vətəninə, torpağına və xalqına bağlı ruhda böyüyüb. Uşaqlıq illərindən etibarən cəsarəti, dürüstlüyü və mərdliyi ilə seçilən Vüqar hər zaman ətrafındakı insanların hörmətini qazanıb. Onun həyatında vətən sevgisi sadəcə sözlərdən ibarət olmayıb, bu sevgi onun düşüncələrində, davranışlarında və seçimlərində özünü açıq şəkildə göstərib.

Vüqar Əliyev 1973-cü il yanvarın 31 də Ağdam rayonunun Bağbanlar kəndində anadan olub. 1980-ci ildə öz kəndlərində orta məktəbin birinci sinfinə gedib. 1990-cı ildə həmin məktəbi bitirib. Təhsil aldığı illərdə də Vüqar Əliyev həm çalışqanlığı, həm də nizam-intizamı ilə fərqlənib. Müəllimləri onun məsuliyyətli və vətənpərvər bir gənc olduğunu xüsusi vurğulayırdılar. O, məktəbdə keçirilən tədbirlərdə fəal iştirak edir, hər zaman milli dəyərlərimizi öyrənməyə maraq göstərirdi. Onun üçün vətən sadəcə doğulduğu yer deyildi – vətən onun kimliyinin ayrılmaz bir hissəsi idi.

1991-ci ilin may ayında Vüqar hərbi xidmətə çağırılıb. Xidmətinə Gəncə şəhərində başlayıb. Hərbi xidmət dövrü Vüqar Əliyevin həyatında xüsusi mərhələ olub. O, bu müqəddəs borcu böyük şərəf və qürur hissi ilə yerinə yetirib.

Vüqarın xidməti dövrü ölkəmizin başını qara buludlar alan vaxta düşür. Həmin ərəfədə erməni mənfurları torpaq iddiası ilə kəndlərimizə, rayonlarımıza hücumlara başlamışdılar. Kəndin bütün cavanları hər axşam dədə-baba yurdunu qorumaq üçün postlara çıxardı. Belə bir ağır dönəmdə təbii ki, Vüqar xidmətini Gəncədə davam etdirə bilməzdi. Və öz ərizəsi ilə onu döyüş bölgəsinə göndərmələrini xahiş edir. Vüqarın bu istəyini rəhbərlik nəzərə alıb onu döyüş bölgəsinə göndərir.  

Bölük komandiri Fəxri Cəfərov qəhrəmanımız haqqında danışarkən onu xoş xatirələrlə xatırladı. Deyir, Vüqar gənc olmağına baxmayaraq, bütün döyüşlərdə iştirak etmək istəyirdi:

“O, uşaqlıqdan kənddə çox böyük hörmət qazanıb. Çox tərbiyəli, mehriban, hər kəsə hörmətlə yanaşan, əsl vətənpərvər gənclərdən idi. Orduda xidmət etdiyi müddətdə intizamlı, cəsur və etibarlı əsgər kimi seçilib, komandirlərinin etimadını qazanıb. Döyüş yoldaşları onu hər zaman arxalanacaq bir insan kimi xatırlayırlar. Vüqar üçün silah tutmaq sadəcə bir vəzifə deyildi, bu, onun vətəni qorumaq missiyası idi”.

Məlum hadisələrlə əlaqədar 1991-ci ildə Bağbanlar kəndində Azərbaycanın Milli Qəhrəmanı polkovnik-leytenant Şirin Mirzəyevin rəhbərliyilə özünümüdafiə batalyonu yaradılır. Qeyd edək ki, bu, ölkəmizdə ilk nizami ordu idi. Fəxri Cəfərov deyir ki, həmin vaxt kəndin bütün cavanları həmin batalyona yazılır:

“Vüqar da batalyonun ən cəsur, qorxmaz igidlərindən idi. Hərbi xidmətini də bizin rotada davam etdirdi. Torpaqlarımızın müdafiəsi uğrunda gedən döyüşlərdə Vüqar Əliyev böyük qəhrəmanlıq göstərib. O, ən çətin anlarda belə geri çəkilməyib, qorxmadan düşmən üzərinə irəliləyib. Onun cəsarəti və qətiyyəti döyüş yoldaşlarına da ruh yüksəkliyi verirdi. Vüqar Əliyev döyüş meydanında yalnız bir əsgər kimi deyil, həm də əsl vətən oğlu kimi vuruşub. O, hər addımında Azərbaycanın şərəfini qorumağa çalışıb, son nəfəsinə qədər mübarizədən vaz keçməyib”.

Vüqar Əliyev Milli Qəhrəman Şirin Mirzəyevin rəhbərliyilə yaradılan batalyonun tərkibində kəndlərimizin müdafiəsində son damla qanınadək vuruşur. Komandiri deyir ki, Vüqar yalnız Ağdam kəndlərində deyil, Ağdərə, Xocavənd rayonunun kəndlərinin qorunmasında da iştirak edib. Cəsur Vətən oğlu Əmirallar, Abdal-Gülablı, Ağbulaq, Pircamal, Aranzəmin, Qazançı, Naxçıvanik döyüşlərində qəhrəmancasına vuruşaraq düşmənə sarsıdıcı zərbələr endirib:

“1992-ci ilin avqustun 8-də ermənilər Abdal-Gülablı kəndinə hücum elədi. Biz çalışırdıq ki, gənc əsgərlərimiz döyüşlərdə bir o qədər iştirak eləməsin. Həmin vaxt gənc əsgərləri demək olar ki, naryada salmışdıq. Amma Vüqar bununla heç cür razılaşmırdı. İsrarla döyüşə getmək istədiyini bildirdi. Mən onun avtomatının sandıqçasını alıb başqa döyüşçülərə vermişdim ki, gedə bilməsin. Lakin sonra eşitdim ki, Vüqar icazəsiz qaçıb maşına minib, Abdal-Gülablıya döyüşə gedib. Əfsuslar olsun ki, bu da Vüqarın son döyüşü oldu. Kəndimizin qəhrəman, cəsur oğlu şəhidlik zirvəsinə ucaldı. Bu itki bizim üçün çox ağır oldu. Ondan üç ay öncə qəhrəman oğullarımızdan Mikayıl Rüstəmovu itirmişdik. Hər dəfə elimizin igid oğullarını itirdikcə qəlbimiz qan ağlayırdı. Heç cür onların itkisilə barışa bilmirdik. Həmin an düçmənə olan nifrətimiz, kinimiz daha da alovlanırdı”.

Şəhidlik zirvəsi Vüqar Əliyevin həyatının ən uca məqamı olub. O, vətənin azadlığı uğrunda canını fəda edərək, adını tarixə qızıl hərflərlə yazdırıb. Şəhid olmaq hər kəsə nəsib olmayan bir şərəfdir və Vüqar bu şərəfə layiq olan igidlərdən biri olub.

Bu gün Vüqar Əliyevin adı hörmətlə anılır, onun xatirəsi əziz tutulur. Məktəblərdə, tədbirlərdə, anım mərasimlərində onun kimi qəhrəmanların həyatı gənc nəslə örnək kimi təqdim olunur. Bu, həm də gələcək nəsillərin vətənpərvərlik ruhunda yetişməsi üçün mühüm əhəmiyyət daşıyır. Vüqarın həyatı göstərir ki, vətəni sevmək yalnız sözlə deyil, əməl ilə sübut olunur.

Ailəsi üçün Vüqar sadəcə bir qəhrəman deyil, eyni zamanda bir övlad, qardaş və dost idi. Onun yoxluğu ailəsində böyük bir boşluq yaratsa da, onlar Vüqarın qəhrəmanlığı ilə fəxr edirlər. Bu fəxr hissi isə onların ürəyində həm kədər, həm də qürur duyğularını bir araya gətirir.

Vüqar Əliyevin həyatı bizə bir daha xatırladır ki, vətən sevgisi insanın ən ali hisslərindən biridir. Bu sevgi uğrunda canından keçən insanlar isə heç zaman unudulmur. Onlar xalqın yaddaşında əbədi yaşayır və hər zaman hörmətlə yad olunur.

Vüqar Əliyevin şəhidliyi yalnız ailəsi üçün deyil, bütün Azərbaycan xalqı üçün böyük itkidir. Lakin bu itki ilə yanaşı, onun göstərdiyi qəhrəmanlıq hər bir azərbaycanlıya qürur hissi bəxş edir. Şəhidlərimizin qanı hesabına bu gün Azərbaycan torpaqları azaddır və bu azadlıq uğrunda verilən qurbanlar heç zaman unudulmayacaqdır.

Şəhid Əliyev Vüqar Mirələm oğlu kimi igidlərin həyatı yalnız bir fərdin taleyi deyil, bütöv bir xalqın mənəvi gücünün təcəssümüdür. Onun timsalında biz vətən anlayışının nə qədər dərin və müqəddəs məna daşıdığını daha aydın şəkildə görürük. Çünki Vüqar üçün vətən sadəcə coğrafi məkan deyil, o, tarix, yaddaş, dil, mədəniyyət və ən əsası, uğrunda can veriləcək qədər dəyərli bir amal idi.

Vətən sevgisi insanın daxilində formalaşan ən saf duyğulardan biridir və bu sevgi zamanla insanın xarakterinə, düşüncəsinə və həyat yoluna istiqamət verir. Vüqar Əliyevin həyatına nəzər saldıqda görürük ki, onun bütün seçimləri məhz bu ali hissin təsiri ilə formalaşmışdır. O, hər zaman torpağa bağlılığı ilə seçilib, doğma yurduna sadiqliyini yalnız sözlə deyil, əməli ilə sübut edib. Bu bağlılıq onun üçün bir məsuliyyət idi — əcdadlardan miras qalan torpağı qorumaq, onu gələcək nəsillərə bütöv şəkildə ötürmək.

Milli ruh anlayışı isə Vüqar Əliyevin şəxsiyyətində xüsusi yer tuturdu. Milli ruh sadəcə bayraq sevgisi və ya şüarlarla ifadə olunan bir anlayış deyil. Bu, xalqın tarixini yaşatmaq, onun dəyərlərinə sahib çıxmaq və çətin anlarda bir yumruq kimi birləşmək deməkdir. Vüqar bu ruhu öz davranışları ilə nümayiş etdirib. O, həm gündəlik həyatında, həm də döyüş meydanında bu dəyərlərə sadiq qalaraq əsl vətən övladı olduğunu sübut edib.

Onun qəhrəmanlığı yalnız silahla döyüşməkdən ibarət deyildi. Əsl qəhrəmanlıq qorxunu dəf edib doğru bildiyin yolda sona qədər getməkdir. Vüqar Əliyev də məhz bu xüsusiyyətləri ilə seçilib. O, ən çətin anlarda belə ruhdan düşməyən, əksinə ətrafındakı insanlara güc verən bir insan olub. Bu cür insanlar cəmiyyətin dayağı olur, milli ruhun canlı daşıyıcısına çevrilir.

Belə igidlərin həyatı gənc nəsil üçün bir məktəbdir. Onların göstərdiyi fədakarlıq, cəsarət və vətən sevgisi hər bir gəncin daxilində milli ruhun formalaşmasına təsir göstərir. Vüqar Əliyevin həyat yolu göstərir ki, vətənpərvərlik yalnız sözlə deyil, konkret əməllərlə ölçülür. Bu, çətin anlarda özünü göstərən bir keyfiyyətdir və hər kəs bu sınaqdan keçə bilmir. Lakin Vüqar kimi insanlar bu sınaqdan alnıaçıq çıxaraq tarixə qəhrəman kimi düşürlər.

Onun adı bu gün yalnız bir şəxsiyyət kimi deyil, bir simvol kimi yaşayır. Bu simvol isə vətənə sədaqətin, torpağa bağlılığın və milli qürurun təcəssümüdür. Hər dəfə onun kimi şəhidlərin xatirəsi anıldıqda, insanlar yalnız bir itkini deyil, eyni zamanda böyük bir mənəvi gücü xatırlayırlar. Bu güc xalqı birləşdirir, onu daha da möhkəmləndirir və gələcəyə ümidlə baxmağa sövq edir.

Şəhidlərin xatirəsi xalqın yaddaşında yalnız keçmişin bir hissəsi kimi deyil, həm də gələcəyin istiqamətverici amili kimi yaşayır. Vüqar Əliyevin həyatı bizə öyrədir ki, vətən sevgisi heç zaman köhnəlmir, əksinə zaman keçdikcə daha da dərinləşir. Bu sevgi insanı böyüdür, onu daha məsuliyyətli və daha güclü edir.

Bu gün müstəqil və güclü Azərbaycan məhz belə igidlərin sayəsində mövcuddur. Onların fədakarlığı nəticəsində xalq öz torpaqlarında azad və qürurla yaşayır. Bu azadlığın dəyərini anlamaq və onu qorumaq isə hər bir vətəndaşın borcudur. Vüqar Əliyevin həyatı bu borcun nə qədər müqəddəs olduğunu bizə bir daha xatırladır.

Bəli, şəhid Əliyev Vüqar Mirələm oğlu vətənə sonsuz sevginin, torpağa bağlılığın və milli ruhun canlı simvolu kimi yaddaşlarda yaşayır. Onun keçdiyi həyat yolu hər birimiz üçün örnəkdir və bu örnək gələcək nəsillərin formalaşmasında mühüm rol oynayacaqdır. Belə qəhrəmanların xatirəsi yaşadıqca, Azərbaycan xalqının milli ruhu da daim güclü və sarsılmaz qalacaqdır.

Elnurə İSAXAN