9 may 2026-cı il tarixində Şahbuz rayonunun Külüs kənd məzarlığında Vətən müharibəsi şəhidi, baş leytenant Zülfü Rzayevin doğum günü münasibətilə anım tədbiri keçirilib.
Tədbirdə şəhidin ailə üzvləri, rayon ictimaiyyətinin nümayəndələri, qazilər, kənd sakinləri və gənclər iştirak ediblər. Əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi ehtiramla yad olunub, şəhidin məzarı ziyarət edilərək üzərinə gül dəstələri düzülüb, ruhuna dualar oxunub.
Çıxış edənlər şəhid Zülfü Rzayevin Vətənə bağlılığından, hərb sənətinə olan sevgisindən və keçdiyi şərəfli döyüş yolundan danışıblar. Bildirilib ki, qəhrəman Azərbaycan oğulları öz canları bahasına torpaqlarımızın azadlığını təmin edərək xalqımıza qələbə sevincini yaşadıblar. Gənc nəslin vətənpərvər ruhda yetişməsində şəhidlərin həyat yolunun böyük örnək olduğu vurğulanıb.
Qeyd olunub ki, Zülfü Rzayev 1993-cü il mayın 9-da Şahbuz rayonunun Külüs kəndində anadan olub. 1999-2007-ci illərdə Külüs kənd tam orta məktəbində, 2007-2010-cu illərdə isə H.Əliyev adına Hərbi Liseydə təhsil alıb. 2010-2014-cü illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində ali hərbi təhsil alıb. 2015-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin Füzuli rayonunda yerləşən “N” saylı hərbi hissəsində xidmət edib.
Şəhid zabit 2016-cı ilin Aprel döyüşlərində iştirak edib və göstərdiyi igidliyə görə Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə “İgidliyə görə” medalı ilə təltif olunub. O, Vətən müharibəsinin ilk günündə — 27 sentyabr 2020-ci il tarixində Füzuli istiqamətində gedən döyüşlər zamanı qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb.
Tədbirin sonunda şəhidlərin əziz xatirəsinin xalqımızın qəlbində daim yaşayacağı bildirilib, onların ruhuna dualar oxunub.
Bəxtiyar ƏLİYEV
Naxçıvan Şəhid Ailələri İctimai Birliyinin mətbuat katibi