Türkiyə Hərbi Dəniz Qüvvələri İstanbuldakı Anadolu Gəmiqayırma Zavodunda inşa edilmiş Ç-159 təyinatlı ilk YLCT sinifli tank desant gəmisini rəsmi olaraq istismara verib.
Herbiand.az bildirir ki, gəmi cəmi 18 ay ərzində sürətlə aparılan tikinti proqramından sonra Türkiyə donanmasına xidmətə qəbul edilib.
Gəmi Türkiyə Hərbi Dəniz Qüvvələrinin amfibiya və loqistik imkanlarını artırmaq üçün sifariş edilmiş səkkiz gəmidən ibarət dəstədə aparıcıdır. Gəmilərin hamısının 2027-ci ilin yazına qədər tamamlanması gözlənilir.
Hər bir gəmi Türkiyə müdafiə sənayesi tərəfindən hazırlanmış üçə qədər Altay sinifli döyüş tankı daşıya biləcək. Döyüş tapşırıqlarından əlavə, gəmilər fəlakətlərin aradan qaldırılması əməliyyatları, humanitar yardım və təxliyə üçün də hazırlanır.
YLCT gəmilərinin uzunluğu 79,9 metr, eni 11,7 metrdir. Faydalı yük götürmə qabiliyyəti 420 tondur. Gəminin göyərtəsinin sahəsi 410 kvadrat metrdir. Üç tankın əvəzinə göyərtədə 260 dəniz piyadası yerləşə bilər.
Silahlanmaya iki 12,7 mm-lik pulemyot və iki 25 mm-lik məsafədən idarə olunan artilleriya sistemi daxildir.
Bəxtiyar CƏFƏRLİ