Advertisment

Şəhid baş leytenant Vüsal Babayevin xatirəsinə həsr edilən kitabının təqdimatı olub

Bakı Kitab Mərkəzində “Şəhidlər ölməz, Vətən bölünməz!” silsiləsindən növbəti kitabın təqdimatı keçirilib.

Herbiand.az xəbər verir ki, tədbirdə Vətən müharibəsi şəhidi, baş leytenant, “Azərbaycan Bayrağı” ordenli Vüsal Sübbuh oğlu Babayevin həyat və döyüş yoluna həsr olunan “Şəhidlik and yeridir...” kitabı ictimaiyyətə təqdim edilib.

Kitab Respublika Xatirə Kitabı Redaksiyasının baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin üzvü Nəzakət Məmmədova tərəfindən yazılıb və şəhidlərin xatirəsinin əbədiləşdirilməsinə həsr olunub.

Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, daha sonra Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Aparıcı Jalə Həsənli kitabın təkcə bir şəhidin deyil, bütöv bir qəhrəmanlıq tarixinin bədii salnaməsi olduğunu bildirib. Ardınca Vüsal Babayevin həyat və döyüş yolunu əks etdirən videoçarx nümayiş olunub.

Bakı Kitab Mərkəzinin rəhbəri Günel Anarqızı, Mətbuat Şurasının sədri Rəşad Məcid və Milli Məclisin deputatı Ceyhun Məmmədov çıxış edərək kitabın əhəmiyyətini yüksək qiymətləndirib, şəhidlərin xatirəsinin yaşadılmasının vacibliyini vurğulayıblar.

Şəhidin müəllimi, ailə üzvləri və döyüş yoldaşları çıxış edərək Vüsal Babayevi cəsur, qayğıkeş və vətənpərvər bir zabit kimi xatırlayıblar. Həyat yoldaşı Aynur Babayeva isə onun ailəsinə və Vətəninə bağlılığından danışaraq, kitab ideyasının onun arzusu olduğunu qeyd edib.

Tədbirdə şəhidin qızı Selcan Babayeva musiqi ifa edib, bədii hissədə muğam ifaları səsləndirilib.

Kitabın müəllifi Nəzakət Məmmədova çıxışında əsas məqsədin şəhidlərin unudulmaması və onların xatirəsinin daim yaşadılması olduğunu bildirib. Tədbirin təşkilatçısı Fuad Mədətov isə Vüsal Babayevin qəhrəmanlığının xalqın yaddaşında əbədi qalacağını vurğulayıb.

Qeyd edilib ki, Vüsal Babayev 1992-ci ildə Pirallahı rayonunda anadan olub, Azərbaycan Ali Hərbi Məktəbini bitirib, müxtəlif hərbi hissələrdə xidmət edib və Vətən müharibəsində qəhrəmancasına şəhid olub. O, döyüş zamanı yaralı yoldaşını xilas edərkən həlak olub.

Şəhid ölümündən sonra bir sıra orden və medallarla təltif edilib. Onun xatirəsinin yaşadılması üçün şəxsi əşyaları muzeyə təqdim olunub və adının məktəbə verildiyi bildirilib.

“Şəhidlik and yeridir...” kitabı Vüsal Babayevin həyat və döyüş yolunu əks etdirən mühüm yaddaş nümunəsi kimi təqdim olunub.