Advertisment

Azərbaycan və İran sərhəd mühafizə qurumlarının nümayəndə heyətlərinin görüşü olub

İyun ayının 1-də “Astara” dövlət sərhədindən buraxılış məntəqəsinin İran İslam Respublikası ərazisində Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev və İran İslam Respublikasının Nizam-İntizam Qüvvələrinin Baş Komandanının müavini general-mayor Qasım Rzainin rəhbərlik etdikləri nümayəndə heyətləri arasında görüş keçirilib.

Bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən bildirilib.

Görüşdə Azərbaycan–İran dövlət sərhədində və dövlət sərhədindən buraxılış məntəqələrində mövcud vəziyyət, sərhəd təhlükəsizliyinin təmin edilməsi sahəsində həyata keçirilən tədbirlər, Azərbaycan–İran dövlət sərhədinin işğaldan azad edilmiş hissəsində dövlət sərhədinin mühafizəsinin təşkili, eləcə də Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni nəqliyyat-kommunikasiya əlaqələrinin yaradılması istiqamətində görülən işlər müzakirə olunmuşdur.

Müzakirələr zamanı iki ölkənin sərhəd mühafizə qurumları arasında əməkdaşlığın inkişaf dinamikası yüksək qiymətləndirilmiş, dövlət sərhədindən qaçaqmalçılıq, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi, eləcə də transsərhəd cinayətkarlığın digər təzahürlərinə qarşı mübarizə sahəsində qarşılıqlı fəaliyyətin daha da gücləndirilməsinin vacibliyi vurğulanmışdır.

Tərəflər bu cür görüşlərin keçirilməsinin sərhəd mühafizə qurumları arasında əlaqələrin inkişafına, qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsinə mühüm töhfə verdiyini qeyd etmişlər.

Görüş dostluq, qarşılıqlı etimad və anlaşma şəraitində keçmişdir.