Advertisment

Güzgüdəki Körpə və Zamanın Bizə Baxan Gözləri

Dünyanın təqvimində elə günlər var ki, onlar sadəcə rəqəmlərdən ibarət deyil, bəşəriyyətin vicdan hesabatıdır. İyunun ilk gününə təsadüf edən o xüsusi tarix kimi. Çoxları bu günü sadəcə təqvimin bayram bəzəyi, uşaqların şən sədalarının ucaldığı bir gün kimi rəmzləşdirir. Halbuki, 1949-cu ilin Paris konfransından boylanan o ilk qərarın arxasında bəşəri bir haray dayanırdı: gələcəyi qorumaq fəryadı. İlk dəfə 1950-ci ildə dünyanın qapısını döyən bu tarix, əslində uşaqları böyüklərdən, böyüklərin yaratdığı fırtınalardan qorumaq üçün düşünülmüş bir sipər idi.

​Azərbaycanın müstəqillik tarixinə nəzər salanda bəzi həqiqətlər daha aydın görünür. Dövlətin uşağa münasibəti onun gələcəyə atdığı imzanın dərinliyini göstərir. Ölkəmizin hələ ötən əsrin doxsanıncı illərinin əvvəllərində, müharibənin və çətinliklərin tüğyan etdiyi bir vaxtda ilk imza atdığı beynəlxalq sənədlərin BMT-nin “Uşaq Hüquqları haqqında” Konvensiyası olması təsadüfi deyildi. Ulu Öndər Heydər Əliyev tərəfindən təməli qoyulan bu xətt, sadəcə hüquqi sənədlərin qəbulu deyil, bir millətin genofondunu qorumaq strategiyası idi. 2009-cu ilin ölkədə "Uşaq ili" elan olunması ilə genişlənən o rəsmi üfüq, bu gün Heydər Əliyev Fondunun və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın fəaliyyətində tamamilə fərqli bir səmimiyyət mərhələsinə qədəm qoyub.

​Bu qayğı rəsmi hesabatların rəqəmlərində deyil, internat evlərində boynu bükük qalan bir uşağın təbəssümündə, ən əsası isə bizə Vətən əmanəti olan şəhid və qazi övladlarının fəxarət dolu baxışlarında yaşayır. İllərin torpaq həsrətinə son qoymuş, Zəfər qazanmış bir xalqın övladları kimi, bu gün onlar dünənin köçkünlük ağrıları ilə deyil, doğma yurdlarımızın dirçəliş işığında, başıuca və məğrur böyüyürlər. Onlar təkcə öz ailələrinin deyil, bütün Azərbaycanın baş tacı, qürur mənbəyidir.

​Lakin dövlətin qurduğu ən mükəmməl qanunlar belə, bir uşağın qəlbindəki ilk cığırı aça bilməz. Çünki insanlığın ən qədim və hələ də tam cavabı tapılmayan sualı rəsmi kabinetlərdə deyil, ailə ocağında pıçıldanır: Övladlarımızı necə tərbiyə edək? Uşaqları necə böyüdək ki, vicdanlı, əməlisaleh, cəmiyyət üçün xeyirli olsunlar? Necə edək ki, uşaqlarımız böyüyəndə onlardan ötrü xəcalət çəkməyək, onlar bizə başıucalıq və şərəf gətirsinlər?

​Bu sualın cavabını ən ali şəkildə canını Vətənə sipər edən qəhrəmanlarımız öz ömürləri ilə verdilər. Onlar öz canları bəhasına övladlarına elə bir ad, elə bir şərəfli miras qoydular ki, bu irs əsrlər boyu solmayacaq. Çünki uşaq gördüyünü yaşayır, eşitdiyini deyil. Bir valideynin övladına verə biləcəyi ən böyük dərs onun şəxsi nümunəsidir. Uşaq mühitə göz açanda ilk olaraq qarşısında bir güzgü görür — ata və anasını. Onun dilindən qopan "böyüyəndə atama oxşayacam" kəlməsi, əslində valideynin çiyinlərinə qoyulan ən ağır məsuliyyətdir.

​Ailə daxilində valideynin mütləq riayət etməli olduğu ən ümdə prinsip dürüstlükdür. Valideyn heç zaman uşağa yalan danışmamalı, özünün əməl etmədiyi bir işi övladından tələb etməməlidir. Hətta uşağa hər hansı bir mükafat vəd edərkən belə, sözünə sadiq qalmaq mütləqdir. Əks halda, uşaq ailədə yalan görərsə, həm valideyninə olan etimadı sarsılar, həm də onun özündə yalançılıq xasiyyəti yaranar.

​Bu gün o qədim dərslər reallığın yeni bir sınağı ilə qarşı-qarşıyadır. Artıq uşaqlar bizi təkcə evdə, otaqda izləmirlər; onlar rəqəmsal dünyanın soyuq ekranlarından da bizim həyatımızı seyr edirlər. Əlində telefonla saatlarla virtual dünyada azan, amma övladına kitab oxumağı əmr edən bir valideynin nəsihəti uşağın zehnində sadəcə əsassız səs-küyə çevrilir. İndi nümunə olmaq təkcə real rəftarda deyil, həm də texnoloji dalğaların içində dürüst və faydalı qala bilmək bacarığıdır.

​Uşaq qəlbi toxunulmamış təmiz bir torpaq kimidir. O torpağa nəyi qıysanız, gələcəkdə onu da biçəcəksiniz. Ailə bir fəzilət məktəbi, valideyn isə bu məktəbin ilk və ən təsirli müəllimidir. Onlar uşaqların yalnız fiziki ehtiyaclarını qarşılayan bir baxıcı deyil, ruhunun memarı olmalıdırlar. Ata və ana hər şeydən əvvəl uşaqların sağlam düşüncəli, milli-mənəvi və əxlaqi dəyərlərə hörmətlə yanaşan, ailəsinə və millətinə layiq bir gənc kimi yetişmələri üçün birgə səy göstərməlidirlər. Biz qanun qarşısında, cəmiyyət qarşısında və ən əsası Uca Yaradanın hüzurunda bu təmiz əmanətlərin gələcəyinə görə cavabdehik.

​Gələcək bizə uşaqların gözü ilə baxacaq. Bu gün atdığımız hər addım, dediyimiz hər söz o gözlərdə ya bir işıq, ya da bir kölgə buraxacaq. Ölkəmizin sabahı bu gün fədakarlıqla, vətənpərvərlik ruhunda böyütdüyümüz o körpə fidanların, xüsusən də şəhidlərimizin bizə qoyub getdiyi müqəddəs əmanətlərin çiyinlərində yüksələcək.

Ən əziz və qiymətli əmanətlərimiz — şəhid və qazi övladlarıdır. Sizlər təkcə valideynlərinizin deyil, bütün Azərbaycan xalqının qürur mənbəyisiniz. Sizin atalarınız bu torpağın bütövlüyü, xalqın başıuca olması üçün ən əziz şeylərini — canlarını fəda etdilər. Bu gün sizlərin üzərindəki hər bir təbəssüm, əldə etdiyiniz hər bir uğur şəhidlərimizin ruhunu şad edir, onların vətən sevgisini gələcəyə daşıyır.

​1 iyun sadəcə təqvimin bir gününü rəngləmək üçün deyil, ömrümüzü uşaqların saf dünyasına bənzətmək, şəhidlərimizin əmanətlərinə sahib çıxmaq üçün bir fürsətdir. Ölkəmizdə yaşayan bütün uşaqları Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə ürəkdən təbrik edir, onlara səadət, uzun ömür və xoşbəxt gələcək arzulayırıq.

​Qoy uşaqlarımızın göy üzünə dikilən gözlərində heç vaxt qorxu sədası donmasın, dünyamız onların saf təbəssümü qədər işıqlı və sülh içində olsun!

​Bəxtiyar ƏLİYEV

Azərbaycan Jurnalistlər Birliyinin üzvü