Rusiyanın Ukraynanın limanlarına və mülki yük gəmilərinə endirdiyi hücumlar fonunda Qara dənizdə kommersiya yükdaşımaları kəskin azalıb.
Bu barədə ABŞ-ın Foreign Policy jurnalı dərc etdiyi məqalədə bildirib.
Nəşrin qiymətləndirməsinə əsasən, mövcud vəziyyət yeni ixrac mövsümünə qədər dəyişməz qalarsa, bu, qlobal ərzaq bazarında ciddi problemlərə və qiymət artımlarına səbəb ola bilər.
Məqalədə qeyd olunur ki, Qara dənizdə humanitar və ticarət dəhlizi formal olaraq fəaliyyət göstərsə də, raket və pilotsuz uçuş aparatları ilə hücum təhlükəsi səbəbindən bir çox gəmi operatoru marşrutdan istifadə etməkdən çəkinir.
Ukrayna tərəfinin məlumatına görə, iyul ayı ərzində Rusiya liman infrastrukturu və dənizdə hərəkət edən ümumilikdə 57 Ukrayna və xarici ticarət gəmisini hədəfə alıb.
Nəticədə Ukraynanın taxıl ixracının həcmi təxminən üç dəfə azalıb, dəniz nəqliyyatı xidmətlərinin qiyməti isə iki dəfəyə yaxın artıb.
Foreign Policy vurğulayır ki, Qara dəniz limanları Ukraynanın xarici ticarətinin əsas hissəsini təmin edir. Ölkənin kənd təsərrüfatı məhsullarının təxminən 90 faizi, həmçinin metallurgiya və dağ-mədən sənayesi məhsullarının böyük hissəsi məhz bu marşrut vasitəsilə dünya bazarına çıxarılır.
Ukraynanın Kənd Təsərrüfatı Nazirliyinin hesablamalarına görə, 2026-cı ildə ixracın azalması nəticəsində birbaşa maliyyə itkiləri 1,5–3 milyard ABŞ dolları həcmində ola bilər.