Avqustun 7-də Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev Laçın və Qubadlı rayonlarında olub.
Bu barədə Herbiand.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, səfər çərçivəsində Baş prokuror Laçın rayon prokurorluğunun inzibati binasında Laçın, Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarından olan vətəndaşları qəbul edib.
Qəbul zamanı 16 nəfər vətəndaşın müraciəti dinlənilib. Müraciətlər əsasən konkret cinayət işlərinin istintaqı, törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı qanunvericiliyin tələblərinə riayət olunması, məhkəmələrdə baxılan cinayət işləri üzrə dövlət ittihamının müdafiəsi, habelə mülki xarakterli mübahisələr və sosial məsələlərlə bağlı olub.
Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin hərtərəfli araşdırılması və qanunamüvafiq həlli ilə bağlı aidiyyəti struktur rəhbərlərinə müvafiq göstərişlər verilib.
Qəbuldan sonra Baş prokuror Laçın rayon prokurorluğunun əməkdaşları ilə görüşərək onların iş şəraiti və xidməti fəaliyyəti ilə yerində tanış olub, prokurorluğun qarşısında duran vəzifələrin icrası, fəaliyyətin səmərəli təşkili və işin keyfiyyətinin artırılması ilə bağlı məsələləri müzakirə edib.
Daha sonra Kamran Əliyev Qubadlı rayonuna səfər edib, burada Qubadlı hərbi prokurorluğunda və Qubadlı rayon prokurorluğunda müasir və yeni iş şəraiti ilə tanış olub.
Baş prokuror prokurorluq orqanlarının inzibati binalarında əməkdaşların fəaliyyəti üçün yaradılmış şəraitlə tanış olub, xidməti fəaliyyətin təşkili, maddi-texniki təminat, cinayətkarlığa qarşı mübarizənin vəziyyəti, qanunçuluğun təmin edilməsi və vətəndaş müraciətlərinə baxılması istiqamətində görülmüş işlər barədə məlumat alıb.
Səfər çərçivəsində işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən prokurorluq əməkdaşları ilə görüş keçirilib.
Görüşdə çıxış edən Baş prokuror Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işlərinin uğurla davam etdirildiyini qeyd edib.
Bildirilib ki, işğaldan azad olunmuş ərazilərdə müasir şəhərsalma və infrastruktur layihələrinin həyata keçirilməsi ilə yanaşı, dövlət qurumlarının, o cümlədən hüquq-mühafizə orqanlarının fəaliyyəti üçün müasir tələblərə cavab verən şəraitin yaradılması dövlət siyasətinin mühüm istiqamətlərindən biridir.
Baş prokuror dövlət başçısının prokurorluq orqanlarına göstərdiyi yüksək diqqət və qayğıya görə minnətdarlığını ifadə edib.
Görüşdə prokurorluq orqanlarının üzərinə düşən vəzifələrin məsuliyyətlə yerinə yetirilməsi, qanunun aliliyinin təmin olunması, insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı müdafiəsi, habelə cinayətkarlığa qarşı mübarizənin səmərəli təşkili ilə bağlı məsələlər diqqətə çatdırılıb.
Azərbaycan Respublikası Baş prokurorunun müavini – Azərbaycan Respublikasının Hərbi prokuroru Bəhruz Əhmədov çıxış edərək hərbi prokurorluq orqanlarının fəaliyyət istiqamətləri, qarşıda duran vəzifələr, hərbi qulluqçuların hüquq və qanuni mənafelərinin müdafiəsi, hərbi intizamın möhkəmləndirilməsi və qanunçuluğun təmin edilməsi sahəsində görülən işlər barədə məlumat verib.
Daha sonra yeni təyin olunmuş prokurorluq əməkdaşı Fuad Mədətov çıxış edərək Qubadlı rayonunda xidmət etməyin onun üçün böyük şərəf və məsuliyyət olduğunu bildirib, yaradılmış şəraitə və göstərilən etimada görə minnətdarlığını ifadə edib.
Sonda Baş prokuror əməkdaşların fikir və təkliflərini dinləyib, qaldırılan məsələlər ətrafında müzakirələr aparıb, prokurorluq orqanlarının fəaliyyətinin daha səmərəli təşkili, qanunçuluğun möhkəmləndirilməsi və qarşıya qoyulan vəzifələrin yüksək səviyyədə icrası ilə bağlı müvafiq tapşırıq və tövsiyələr verib.