Rusiyanın Yekaterinburq şəhərində Wildberries şirkətinin logistika mərkəzinə pilotsuz uçuş aparatları (PUA) ilə hücum edilib.
Sverdlovsk vilayətinin qubernatoru Denis Pasler bildirib ki, üç PUA logistika mərkəzinin damına düşüb. Onun sözlərinə görə, hadisə nəticəsində xəsarət alan olmayıb.
Qubernator qeyd edib ki, təhlükəsizlik məqsədilə obyektdə olan əməkdaşlar təxliyə edilib, hazırda isə hadisə yerində operativ və fövqəladə xidmətlər fəaliyyət göstərir. Yanğınsöndürənlər baş vermiş yanğının söndürülməsi istiqamətində iş aparırlar.
Məlumata görə, Sverdlovsk vilayətinin hava məkanında ümumilikdə səkkiz pilotsuz uçuş aparatı zərərsizləşdirilib.
Birləşmiş Wildberries və Russ (RWB) şirkətinin mətbuat xidməti də hücum nəticəsində Yekaterinburqdakı logistika obyektində yanğın baş verdiyini təsdiqləyib. Bildirilib ki, cari yüklərin qəbulu müvəqqəti dayandırılıb və sifarişlər digər logistika mərkəzlərinə yönləndirilib.
Rusiya Prezidentinin Ural Federal Dairəsi üzrə səlahiyyətli nümayəndəsi Artem Joqa isə açıqlamasında hadisə zamanı obyektdən təxminən 800 nəfərin təxliyə edildiyini, hücum nəticəsində isə xəsarət alan olmadığını bildirib.