Rusiyanın Ukrayna hərbi əsirlərindən döyüş bölmələrinin yaradılması üçün istifadə etməsi beynəlxalq humanitar hüququn, o cümlədən Hərbi Əsirlərlə Rəftar haqqında Cenevrə Konvensiyasının pozulması kimi qiymətləndirilir.
Bu barədə Müharibə Tədqiqatları İnstitutu (ISW) məlumat yayıb.
Bildirilib ki, avqustun 6-da Rusiya Müdafiə Nazirliyinin Könüllülər Korpusu tərkibində "Spetsnaz" adlı yeni Ukrayna könüllü briqadasının yaradıldığı elan edilib. İddiaya görə, bu briqada Ukrayna hərbi əsirləri və Rusiya tərəfinə keçdiyi bildirilən keçmiş Ukrayna Silahlı Qüvvələrinin hərbçilərindən formalaşdırılıb.
ISW-nin məlumatına əsasən, yeni briqada "Maksim Krivonos" və "Oleksiy Berest" batalyonları, eləcə də "Oleksandr Matrosov", "Martin Puşkar" və "Slobodski" dəstələrinin birləşdirilməsi nəticəsində yaradılıb. İnstitut həmin bölmələrin tərkibində də qismən Ukrayna hərbi əsirlərinin və Rusiya tərəfinə keçdiyi iddia edilən ukraynalı hərbçilərin yer aldığını qeyd edir.
Müharibə Tədqiqatları İnstitutu xatırladır ki, Rusiyanın Ukrayna hərbi əsirlərini döyüş məqsədləri üçün istifadə etməsi ilə bağlı ilk məlumatlar 2022-ci ilin noyabrında qeydə alınıb.
Hesabatda vurğulanır ki, bu qəbildən ən son məlum nümunələrdən biri 2023-cü ilin dekabrında fəaliyyət göstərdiyi bildirilən və qondarma "Donetsk Xalq Respublikası"nın "Kaskad" birləşməsinin tərkibinə daxil edilən "Boqdan Xmelnitski" batalyonudur. İddiaya görə, həmin bölmədə də Ukrayna hərbi əsirlərindən istifadə olunub.