Advertisment

Sumı vilayətində bazara PUA hücumu: 10 nəfər yaralanıb

Rusiyanın pilotsuz uçuş aparatı (PUA) ilə Ukraynanın Sumı vilayətində yerləşən Bilopillia icmasının bazarına endirdiyi zərbə nəticəsində azı 10 nəfər yaralanıb.

Bu barədə Sumı Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Qriqorov "Telegram" kanalında məlumat verib.

Onun sözlərinə görə, hücum səhər saatlarında bazarda insanların olduğu vaxt həyata keçirilib.

"Bu, Rusiya qüvvələrinin Sumı vilayətinin mülki əhalisini hədəfə alan növbəti hücumudur. Hazırda 10 nəfərin yaralandığı məlumdur. Onlardan ikisinin vəziyyəti ağır qiymətləndirilir", – deyə Qriqorov bildirib.

Vilayət rəhbəri qeyd edib ki, hadisə yerinə cəlb olunan tibb briqadaları yaralılara ilkin tibbi yardım göstərir, onların xəstəxanalara çatdırılması prosesi isə davam edir.