Füzulidə hamilə qadın xəstəxanaya aparılarkən təcili tibbi yardım avtomobilində uşaq dünyaya gətirib.
TƏBİB-in məlumatına görə, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Füzuli rayonu ərazisindən doğuş sancıları ilə bağlı çağırış daxil olub. Hadisə yerinə təcili tibbi yardım briqadası göndərilib.
Hamilə qadının xəstəxanaya aparılması zamanı vəziyyəti ağırlaşıb. Həkim briqadasının operativ müdaxiləsi nəticəsində doğuş prosesi təcili tibbi yardım avtomobilində həyata keçirilib.
Yenidoğulmuş oğlan uşağının çəkisi 3,5 kiloqram, boyu isə 53 santimetr olub.
Ana və körpə doğuşdan sonra Füzuli Rayon Mərkəzi Xəstəxanasının Doğum şöbəsinə hospitalizasiya ediliblər. Hazırda onlara zəruri tibbi xidmətlər göstərilir.
TƏBİB-in məlumatına əsasən, ana və körpənin vəziyyəti stabildir.

