Advertisment

“Flamingo” raketləri Rusiyada adi mənzərəyə çevrilməlidir

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın müharibə imkanlarına qarşı Ukraynanın uzaqmənzilli silahlarının istehsalının artırılmasının vacibliyini vurğulayıb.

Zelenski bu fikirləri Ukraynanın Müstəqillik Günü münasibətilə xalqa müraciətində səsləndirib. O bildirib ki, on minlərlə yerüstü robot sistemi cəbhədə təhlükəli tapşırıqları yerinə yetirir və bunun sayəsində minlərlə hərbçinin həyatı xilas edilib.

Ukrayna lideri dəniz dronlarının da Rusiya donanmasına qarşı istifadə edildiyini qeyd edib. Onun sözlərinə görə, Ukrayna bu istiqamətdə zərbələri daha da gücləndirməlidir.

Zelenski bildirib ki, Ukraynanın dəqiq zərbələri artıq Moskva, Tuapse, Tula, Ryazan, Olenya və Omsk da daxil olmaqla Rusiyanın müxtəlif ərazilərinə çatıb.

“Rusiya bu cür ədalətin daha çoxunu görməlidir. "Flaminqo"lar nadir bir hadisə deyil, adi bir mənzərəyə çevrilməlidir. Onlar Rusiyada qışlamalıdırlar”, – deyə Zelenski bildirib.

Prezident vurğulayıb ki, Kiyev Rusiyanın hərbi planlarını və niyyətlərini görür və onun ballistik zərbələrinə qarşı effektiv cavab tapılmalıdır.

Zelenski, həmçinin Ukraynanın “Şahed” hücumlarının 90 faizindən çoxunu zərərsizləşdirdiyini bildirib. O qeyd edib ki, Rusiya reaktiv aviasiyadan istifadəni artırıb və Ukrayna bu hədəflərə qarşı zərbələr endirməyə başlayıb. Prezidentin sözlərinə görə, eyni yanaşma Rusiyanın ballistik raketlərinə qarşı da tətbiq edilməlidir.

Zelenski əlavə edib ki, Ukrayna bu məqsədə çatmaq üçün bütün imkanlarından istifadə edir və bunu davam etdirəcək.