Ukraynanın Fire Point müdafiə şirkəti Danimarkanın Herninq şəhərində keçirilən DALO Industry Days sərgisində yeni FP-9 ballistik raketinin tam miqyaslı maketini təqdim edib.
Herbiand.az bildirir ki, tərtibatçıların sözlərinə görə, raketin mənzili 855 kilometr, maksimal sürəti saniyədə 2200 metr, faydalı yükü 800 kiloqram və zərbə dəqiqliyi 20 metrə qədərdir.
FP-9 mobil yerüstü platformadan buraxılmaq üçün nəzərdə tutulub. Şirkət həmçinin, sərgidə FP-1 hücum dronunun, FP-5 Flaminqo qanadlı raketinin və FP-7 raketinin tam miqyaslı modellərini təqdim edib.
Bu ilin iyul ayında Fire Point şirkətinin həmtəsisçisi və baş dizayneri Denis Ştilerman Rusiyaya zərbələr endirməzdən əvvəl yeni raketin bərk yanacaq mühərrikinin yalnız son sınaqlarının qaldığını bildirib: “Sınaqlar bütün sistemlərin işləkliyini təsdiqlədikdən sonra FP-9-un növbəti uçuşu Moskvaya doğru olacaq”.
Bəxtiyar CƏFƏRLİ